18 Aprel 19:58
1 776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, Azərbaycan ərazisinə müvəqqəti olaraq yerləşdirilmiş rus sülhməramlılarının çıxarılması sakit və heç bir gərginlik baş vermədən reallaşır. Prosesin məhz bu müstəvidə getməsini şərtlərindən amillər nədən ibarət idi?

- Bu, çox müsbət bir hal oldu. Azərbaycan xalqı rus hərbi kontingentinin səssiz-küysüz təxliyəsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirməlidir. Çünki bu cür səssiz-küysüz təxliyəni ruslarla danışıb həyata keçirmək üçün müəyyən bir diplomatik istedad, bacarıq nümayiş etdirmək lazım idi. Onu da Prezident İlham Əliyev nümayiş etdirib. Müxalifət bu prosesə nə qədər tənqidi yanaşsa da əsl reallıq ortadadır. Amma müxalifət sıralarında kimsə belə bir bacarıq sahibi deyil ki, bu işi görsün. Ölkə başçısı bu gün xarici siyasətdə böyük bacarıq sərgiləyir. Onsuz da həyata keçəcək təxliyəni bir il yarım əvvəl reallaşdırıb.

- Sülhməramlıların gedişindən sonra Qərbin, xüsusən də ABŞ-nin narahatlığına səbəb nədir?

- Rusiya çalışacaq ki, Cənubi Qafqazda indiki mövcudluğunu uzatsın. Qərb isə bölgəyə daha çox nüfuz etmək istəyəcək. Bu mübarizə davam edəcək. Bölgə dövlətlərinin iştirakı da burada əsas amildir. Nəticədə dünyada mövcud olan qüvvələr öz əksini göstərəcək. Beləliklə, bölgədə kimin mövcudluğu məsələsi həllini tapacaq.

- Nikol Paşinyan növbəti dəfə Azərbaycanın Qazax rayonu istiqamətindəki sərhəd bölgəsinə gəlib. İkinci dəfə bölgəyə gələn baş nazir Azərbaycanın anklav olmayan kəndlərinin təhvil verilməsi ilə bağlı hansı müzakirələri aparacağı gözlənilir?

- Bu kəndlərin təhvil verilməsi Paşinyan üçün heç də ağrılı deyil. Erməni cəmiyyətində köhnəlmiş, yanlış təsəvvürlərlə yaşayan insanlar var. Onlar bu prosesi özləri üçün ağrılı hesab edir. Paşinyan məmnuniyyətlə həmin 4 kəndi Azərbaycana təhvil verər, daha sonra anklav kəndlərin də məsələsi həll olunar. Çünki o, öz vəzifəsini, mövqeyini düşünür. Amma erməni əhalisinin böyük bir hissəsi o kəndlərdən çıxmaq istəmir. Beyinlərində yanlış bir təsəvvür formalaşıb və bu kəndləri özlərininki hesab edirlər. Az qala bunu erməni tarixi, taleyi üçün çox mühüm bir işarə, nümunə, nişanə sayırlar. Ona görə də beyinlərində, təsəvvürlərində həmin kəndlərdən dörd əlli yapışıblar.

- Qazaxıstan Prezidentinin İrəvana səfərində də sülh və dəhlizlə bağlı müzakirələr aparıldı. Bu istiqamətdə nə kimi irəliləyişin olması ehtimalı var?

- Zəngəzur dəhlizi hamıya xeyri olan layihədir. Çin belə bu dəhlizlə mallarının bir hissəsini Avropaya daşıyacaq. Rusiya da bu işdə iştirak edir. Mərkəzi Asiya dövlətlərinə xeyri odur ki, onlar tranzit xərclərindən paylarını götürəcək. Cənubi Qafqaz dövlətləri, Türkiyə və Avropa üçün də Zəngəzur dəhlizi olduqca önəmlidir.

- Sizcə, Zəngəzur dəhlizi ilə bağlı İrandan başqa Ermənistanı bu prosesi vakumda saxlamağa vadar edən ikinci qüvvə kimdir?

- Ermənistana bu işdə Amerika böyük məsləhətlər verir. Çünki ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir. Azərbaycana isə deyirlər ki, Naxçıvana yolu İrandan çəkmə!.. Yəni ABŞ istəmir ki, Çinin Avropaya quru yolu ilə çıxışı olsun. Vaşinqton Çinin ancaq dəniz yollarından istifadə etməsini istəyir. Dəniz yollarını isə istədiyi an Amerika kəsə bilər. Ona görə də, bu, Çin üzərində oynanılan, onun boyuna atılmış bir kəmənddir. Açıq şəkildə Çinə qarşı təzyiq vasitəsidir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər