18 Aprel 09:05
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk edirlər. Kremlin qərarı nə ilə bağlıdır?

- Ruslar burdan çıxan kimi Ermənistana gedəcəklər. Ya Ermənistanda möhkəmlənirlər ki, orada hakimiyyəti dəyişsinlər, ya da başqa məqsədləri var. Rusiyanın bunun ardınca nələri həyata keçirmək istədiyinə dair bilgimiz yoxdur. Nə edə bilər?

Rusiya imperiyadır. İmperiya da heç vaxt bir yerdən sakitcə çəkilmir. Uzun müddət Azərbaycanı təhdid elədilər ki, bura girsinlər. İndi niyə çıxdıqlarını bilmirəm. Əgər çıxdıqdan sonra yenidən sərhəddə atəşkəs pozulmağa başlayacaqsa, demək, başqa niyyətlər var.

- Hesab etmək olarmı ki, Kremlin bu qərarı həm də revanşistləri Baş nazir Nikol Paşinyanın üstünə salmaq və ya daxildə gərginliyi artırmaq məqsədi ilə bağlıdır?

- Nikolu onsuz da yıxmaq istəyirlər. Ola bilər ki, Ermənistanda hərbi gücləri azdır. Mümkündür ki, sülhməramlıları buna görə çıxarırlar, 2000 nəfərlik heyətdən söhbət gedir. Briqadaları buradan çıxarıb ora aparırlarsa, bunun arxasında Paşinyanın devrilməsi var. Həmçinin Ermənistan ordusunun 60 faizdən çoxu rusiyameylli elitadır. Atəşkəsin pozulması da onların marağındadır. Cəfər Cabbarlı demişkən, atan kazaklardır. Əgər gedirlərsə, bunun səsi çıxacaq.

Ermənistana gəlincə, Rusiya heç vaxt ABŞ ilə üz-üzə gəlməyəcək. Almaniya, Fransa və Amerika da oturub Ermənistanda. Başda Stanislav Tarasov olmaqla, Rusiyanın aparıcı politoloqları son günlərdə ermənilərin beyinlərinə belə bir ideya yeridirlər ki, guya Azərbaycan İngiltərəni ələ alıb, İngiltərə də Paşinyanı hakimiyyətə gətirib ki, Qarabağı Azərbaycana qaytarsın.

Təxribatın dərəcəsinə baxın! Yəni tarasovkimilər demək istəyirlər ki, “ermənilər, müharibədə siz uduzmamısınız, bunu Paşinyan qəsdən edib”.

Həm Azərbaycanın qələbəsinə kölgə salmağa, həm də Ermənistanı “təmiz”ə çıxarmağa çalışırlar, ermənilərin beyinlərinə də yeridirlər ki, “siz döyüş meydanında uduzmamısınız, sizə xəyanət olunub”.

Rusiyanın bundan artıq edəcəyi bir şey ola bilməz. Bunu deyirsə, gündəmə gətirirsə, demək, arxasında hansısa maraq və niyyətlər var. Məsələ budur.

- Rusiya hərbçilərin geri çəkilməsi Qərbdə “beynəlxalq müşahidəçiləri Qarabağa göndərmək” tezisini aktuallaşdıra bilərmi? Düzdür, son aylarda Avropa Birliyi və ABŞ bu məsələyə toxunmur, amma ötən il belə bir məsələ Qərbdə gündəmdə idi.

- Mümkün deyil. Üçtərəfli bəyanat var idi, ermənilər çıxdılar, artıq orada heç kəs qalmayıb. Qalanı boş söhbətdir. Rusiya sülhməramlılarının yerini Avropanın tutması mümkün deyil. Azərbaycanın qanunları var: Azərbayan ərazisində hansısa dövlətin hərbi bazası ola bilməz. Rusların çıxmasının bir səbəbi də budur. Azərbaycan bu qanunu nə dəyişib, nə də ləğv edib.

- Qarabağdan çıxan rusları Türkiyə hərbçiləri əvəzləyə bilərmi?

- Zatən, Türkiyə ilə Azərbaycan arasında hərbi ittifaq var, bu, Şuşa bəyannaməsi ilə rəsmiləşdirilib. Hazırda Türk Dövlətləri Təşkilatının birgə hərbi qüvvələri yaranır. Bu qüvvələr Azərbaycan ərazisində yerləşdirilə bilər. Amma Türkiyə qüvvələrinin olacağını düşünmürəm. Bəli, Türk Dövlətləri Təşkilatının hərbi qüvvələri yerləşdirilə bilər. Azərbaycan qanunvericiliyində dəyişiklik edilmədiyinə görə bu iddia ilə çıxış etmək düzgün deyil.

Türkiyə Azərbaycanın yanındadır, amma burada hərbi bazası yoxdur. Türk Dövlətləri Təşkilatının (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr və Macarıstan) hərbi bazası ola bilər.

- Ermənistanda qondarma soyqırımı ilə bağlı maraqlı müzakirələr gedir. Parlamentin komitə sədri Andranik Köçəryanın iddiasına görə, Paşinyan qondarma soyqırmı ilə bağlı dilə gətirilən rəqəmlərə inanmır, bunun doğruluğunu isbatlamaq üçün arxivləri açmaq istəyir. Bu, nə ilə bağlı ola bilər?

- Bununla bağlı Ermənistanda heç bir arxiv yoxdur. 2008-2011-ci ildə Heydər Əliyev Fonunun xətti, Mehriban xanımın təşəbbüsü ilə bir elm adamları qrupu yaradıldı, ona da siyasi elmlər doktoru Rövşən Mustafayev başçılıq edirdi. Bu dövrdə Almaniya, Fransa, ABŞ, İngiltərə, Türkiyə və digər bəzi ölkələrdə nə qədər arxiv varsa, hamısına baxdıq. O günlərdə Vatikandan elə sənədlər gətirildi ki, ermənilərin çıxarmağa səsi qalmadı. O vaxt erməni saxtakarlığı ilə bağlı 10-a yaxın kitab buraxıldı, ikisni elə mən qızımla yazmışdım. Yəni arxivlərin heç birində belə məlumatlar yoxdur.

Yeganə məlumat odur ki, o dövrdə Osmanlının ərazisində təxminən 800 min erməni yaşayıb. Osmanlıdan köçürülən ermənilərin sayı isə 100-150 mindir. 1914-cü ildə də ermənilər Sarıqamışda ruslarla birlikdə türkləri qırmışdılar. Ermənilər 1915-ci ildə Çanaqqala savaşında da Osmanlıya böyük xəyanət etmişdilər. Ermənilər daxildə qarışıqlıq yaratdıqlarına görə kənarlara – Suriya, Livan və İraqa deportasiya olunmuşdu. O vaxt deyiləndən dəfələrlə az erməni ölmüşdü, satqınları öldürülmüşdü, yaşlıları da gedərkən yolda öz əcəlləri ilə ölmüşdülər. Köç zamanı Osmanlı ilə əlaqəsi olmayan silahlı dəstələrin hücumları da olmuşdu.

ABŞ Konrqesinin arxivində ər-arvad Makkartilərin kitabları var. Həmin kitabda göstərilir ki, o dövrdə ermənilər tərəfindən 1.2 milyon türk-müsəlman qətlə yetirilib, maksimum 15 erməni ölüb. Yəni 1.5 milyon yox, 15 min! Nə qədər həyasızdırlarsa, 15 mini 1.5 milyona çıxarıblar. İndi Paşinyan məsələ qoyur ki, varsa, statistika, ad-soyadlarını verin. Ermənistan buna görə çaşqınlıq içindədir, çünki 1.5 milyon olmayıb axı. Belə olan halda siyahını hardan tapacaqlar? Buna görə də Paşinyana hücum edirlər. Paşinyan da deyir ki, fakt varsa, çıxarın, niyə narahat olursunuz.

Ermənistanda, ümumiyyətlə, heç yanda bu iddianı təsdiqləyəcək sənəd yoxdur. Bu, ermənilərin düzəltdiyi yalandır. 1919-cu ildə Osmanlının xarici işlər naziri erməni idi. Hətta onun özü də deyib ki, guya 100 mindir. Sənədlərin hamısını gizlədirlər. Fransanın Osmanlıdakı səfirinin Parisə məktubu da var. Həmin məktubda rəqəm 50 min civarında göstərilir. Məsələni 1000 dəfə şişirtməklə deyil.

- Bəs Paşinyan sonadək gedəcəkmi?

- Paşinyanın başqa şansı yoxdur. O, Türkiyə ilə əlaqələri normallaşdırmaq üçün qondarma soyqırımı məsələsini konstitusiyadan çıxarmalıdır, bunun üçün də iddianın yalan olduğunu sübut etməlidir. Qarabağ məsələsi artıq bitib, buna toxunmur. İndi əsas məsələ qondarma soyqırımıdır. İndi Türkiyə ilə Ermənistan arasındakı ən böyük problemlərdən biri ərazi, digəri də qondarma soyqırımı iddiaları ilə bağlıdır. Ona görə də, Paşinyan axıradək gedəcək.

- Fransa Azərbaycandakı səfirini niyə geri çağırdı? Əlaqələr qırılırmı, yaxud Parisdə ölkəmizə qarşı nə planlaşdırılır?

- Təki qırılsın, qırılsa, daha yaxşı olar. Elan ediblər ki, guya məsləhətləşmək üçün çağırıblar. Fransa səfirliyi bağlansa, çox gözəl olar, bizimki də orda bağlanar. Fransanın Azərbaycana qarşı elədikləri nə dövlətlərarası əxlaq, nə insanlıq, nə də beynəlxalq hüquqa sığır. Hər gün Azərbaycanın daxili işinə qarışırlar, bu, BMT Nizamnaməsinin müvafiq maddələrinin kobud şəkildə pozulmasıdır.

Makron tipik erməni olaraq, bütün Fransanı Ermənistana qurban verir. Bunu Fransada da başa düşürlər. Buna görə də, Makron özü kimi bir əxlaqsızı xarici işlər naziri, digərini də baş nazir qoyub. Belə bir “əxlaq”ı olan adamdan nə gözləməliyik?! Bunlar təzyiqlərdir. Amma Azərbaycan elə bir ölkə deyil ki, hər yoldan keçənin təzyiqindən qorxub geri çəkilsin. Heç bir şey olmayacaq. Bu, Fransa tərəfindən düşünülmüş müvəqqəti siyasi demarşdır. Amma çox uğursuz demarşdır.

- ABŞ və Avropa Birliyinin mövqeyi necə olacaq, onların yanaşmaları Fransanınkından fərqli olacaqmı?

- ABŞ lazım olan əldə elədi. Ukraynanı böyük bir dövlət kimi parçalamaqla Avropa Birliyinə xidmət göstərdilər. Avropalılara göstərdilər ki, “Amerikanın yanında olmasanız, Rusiya sizi didəcək”.

Fransa da Amerikanın dəyənəyidir. Amerikanı idarə edən də İngiltərənin lobbisidir, daha doğrusu, “300-lər Komitəsi”dir. Yəni ABŞ və Avropa Birliyinin nə deyəcəyi önəmli deyil. Narahat olmağa dəyməz.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər