Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradıblar, Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək, onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar.
Bundan başqa dəstə üzvləri əvvəlcədən hazırladığı plan üzrə İlqar Məmmədovun topdan satış mərkəzinə daxil olublar. Orada İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızıl zinniyət əşyaları götürüblər.
İttihama münasibət bildirən Qalib Kərimov özünü qismən təqsirli bilib. Firudun Axverdiyev və Vüsal Rüstəmov isə özlərini günahkar saymır.
Qalib Kərimov bildirib ki, Nəzakət Hacıyevanın qətlində iştirak etməyib: “Həmin hadisəni mən törətməmişəm. Zorla boynuma qoyulub. Guya Nəzakəti kolbasa-çörəyinə zəhər qataraq öldürüb evindən oğurluq etmişəm. Bunu Firudin deyib”.
Təqsirləndirilən şəxs öldürülən iş adamı İlqar Məmmədovla bağlı da danışıb: “İlqar Məmmədovun topdan satış mərkəzində mən olmuşam, birdə Vüsal olub. Həmin zaman Firudin orada olmayıb. Birinci qətl olayına görə, Firudun məni ilişdirdi. Orda-burda deyirdi ki, Qalibin üstünə başqa ölüm işi də qoyacam. İstintaq aparılan zaman müstəntiq dedi ki, Nəzakəti də sən öldürmüsən. Mən də acıq edib, Firudinin da İlqar Məmmədovun öldürülməsində iştirak etdiyini dedim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, İlqar Məmmədovun evinə oğurluq məqsədilə giriblər: “2012-ci ildə həmin evdən oğurluq etmişəm. O zaman həbs edilmişdim. İndi isə fikirləşirdim məni tanımaz. Hadisə baş verən günü Vüsalla içmişdik. Sonra İlqarın evinə getdik. Məqsəd əvvəlcədən həmin yerə baxmaq idi. Kameraların haradan çəkdiyini müşahidə edəcəkdim ki, sonra oğurluğa gedə bilim. Evi ilə ticarət obyekti bitişik idi. Həmin yerə müştəri qismində girdim. İlqar məni tanıdı. Dedi, sən mənim evimdən oğurluq etmisən. Sonra məni söyməyə başladı. Bu zaman soyuducunun yanındakı bıçağı götürərək, ona bir neçə dəfə zərbə vurdum”.
Qalib Kərimov bildirib ki, İlqar Məmmədovun evinə tək girib: “Vüsal sərxoş idi deyə maşında gözləyirdi. İlqarı öldürəndən sonra bıçağı yudum. Sonra qapıları bağladım. Kameraların kabellərini kəsdim. Yaddaş aparatını özümlə götürdüm. Evin içərisənə girdim. Birinci mərtəbədə televizorun altında qutuda 80 min dollar pulu götürdüm. Orda pul 80 min dollar, bir də 500 manat olub. Halbuki istintaq 180 min dollar hesablayıb. Pulları götürüb, ikinci mərtəbəyə qalxdım, oradan qızılları da götürdüm. Vüsalla birinci bizim evimizə getdik. Evdə paltarlarımı dəyişdim. 10 min dolları evə qoydum. Daha sonra Vüsal Rüstəmovla Bakıya gəldik. Yolda pulları yarı böldük. Vüsal 40 min dolları götürərək qeyri-rəsmi yaşadığı qadının evinə getdi. Səhəri gün onunla görüşdük. Hərəmizə bir dənə “iphone” aldıq. Sonra mən Niva, Vüsal da “X6” aldı”.
Növbəti proses noyabrın 13-də davam edəcək.
Qətlə yetirilən İlqar Məmmədov Xaçmazda ticarət mallarının topdan satışı ilə məşğul olan biznesmen kimi tanınıb.