Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu səsləndirdiyi iddiaları sübut edə bilmədi.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.
O bildirib ki, Kılıçdaroğlunun çirkab atma siyasəti heç vaxt nəticə verməyəcək:
“O, dəfələrlə bu siyasətdən istifadə edib. Sual soruşur, sonra hədələyir ki, sübutları ortaya qoyacam. Ancaq heç bir sübut tapa bilmir. Yalanı ifşa edildiyi üçün “sübut” saydığı kağızları mediaya vermək istəmir”.
Bozdağ ABŞ-da həbs olunan Cənubi azərbaycanlı iş adamı Rza Zərrabla bağlı keçirilən məhkəmə prosesində səsləndirilən fikirlərə də münasibət bildirib:
“ABŞ-da Zərrabla bağlı proses başlayır. Ona təzyiq edirlər və Zərrab böhtançı olur. Bir tərəfdən Kılıçdaroğlu, digər tərəfdən ABŞ-dakı prosesi idarə edən Fətullahçı terror təşkilatının üzvləri Türkiyənin ayağını tapdamaq istəyir. İkisi də Türkiyəni hədəfə götürüb. Onlar birgə işləyirlər”.