19 Dekabr 2017 16:55
1 807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın digər xalq artisti Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Natavan Tağıyevanın sədirliyi ilə baş tutan prosesə Məleykə Əsədova gəlməyib. Ramiz Məlik isə məhkəmə iclasında iştirak edib.

Ramiz Məlikin vəkli Türkel Süleymanlı onun Məleykə Əsədovaya qarşı 300 minlik iddiasını məhkəməyə təqdim edib. O, bildirib ki, Məleykə Əsədova Ramiz Məlikin evinə zəng edərək ailəsini təhqir edib, nəvələrini oğurlatdırmaqla hədələyib.

Vəkil Ramiz Məlikin şəkər xəstəsi olduğu üçün bu hədələrdən sonra əsəbiləşdiyini və müsahibə verdiyini deyib.

Türkel Süleymanlı Məleykə Əsədovanın "Anamın və atamın qəbrinin qarşısında dizin-dizin sürünüb üzr istəsə, iddiamı geri götürərəm" sözlərini Ramiz Məlikə qarşı təhqir kimi qiymətləndirib: "Bu, xalq artistini başqalarının qarşısında alçaltmaq istəməkdir"

Ramiz Məlik də məhkəmədə çıxış edərək Məleykənin onu alçatlmaq istədiyini və bundan zövq aldığını söyləyib: "O, istəyir ki, mən diz çöküb qəbrin qarşısında üzr istəyəm. Mən itəm, boynuma zəncir bağlayıb, diz çökdürsün? O mənim diz çökərkən videomu çəkdirib, sonra məni təhqir etmək istəyir. Çünki belə şeydən zövq alır".

Qarşı tərəfi müdafiə edən hüquqşünas Tağı Hüseynov isə saytlara müsahibəsində "kin-kidurətli", "ifunətli", "indi qeyrətə gəlmisən?", "namərd" sözlərinə görə 300 min təzminat tələb edilən iddianı əsassız sayıb. O, Ramiz Məlikin daha iki maddə ilə məhkəməyə veriləcəyini deyib. Buna səbəb isə Ramiz Məlikin Məleykə Əsədovanı saxta evlilikdə günahlandırması və qızının öz övladı olmadığını iddia etməsidir.

Hakimin qərarı ilə tərəflər dinlənildikdən sonra məhkəmə yanvar ayının 8-nə təxirə salınıb.

Qeyd edək ki, Məleykə Əsədova həmkarından 200 min manat, Ramiz Məlik isə ondan 300 min manat məbləğində təzminat tələb edir.

Xalq artistlərinin hər biri qarşı tərəfi təhqir etməkdə günahlandırır.


Müəllif: Pərviz