Venesuelanın Sukre ştatında 7,3 maqnituda gücündə güclü zəlzələ baş verib.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri 10 km dərinlikdə qeydə alınıb.
Zəlzələ paytaxt Karakas da daxil olmaqla, bütün ölkə ərazisində hiss olunub. Yeraltı təkanlar bir neçə on saniyə davam edib, binalar titrəyib, pəncərələri silkələnib, dayanacaqda maşınlar yerindən tərpənib. Evlərin divarlarında böyük çatlar əmələ, bəziləri dağılıb.
Venesuelanın daxili işlər naziri Nestor Reverol bildirib ki, Karakasda “David Qalası” kimi məşhur olan tamamlanmamış göydələnin son beş mərtəbəsi zəlzələdən sonra 25 faiz əyilib.
“Biz hazırlaşırıq, çünki “David Qalası” köhnə binadır və onun yuxarı mərtəbələrində çatlar yaranıb. Bina istənilən hərəkətdən dağıla bilər”, - nazir vurğulayıb.