Bakının Nərimanov rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində paytaxt sakini olan bir qadının 20.000 manat dəyərində qızıl əşyaları soyğunçuluq ilə əlindən alınıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Arif Bayramov saxlanılıb.
Müəyyən edilib ki, özünü Nadir kimi təqdim edən Arif Bayramov sosial şəbəkədə qızıl-zinət əşyaları satan qadınla əlaqə saxlayaraq paytaxt ərazisində bir neçə qızıl satışı dükanının olduğunu bildirib və onda olan qızılları almaq istədiyini bildirib.
Qadın Gəncədə olduğunu deyərək qızılların əmisi vasitəsilə göndərəcəyinə razılaşıblar. Avqustun 26-da həmin şəxs paytaxt ərazisində qadının əmisi ilə görüşüb, onun avtomobilində qızıl əşyalarına baxaraq bəyənib və onların qaşlarını yoxlatdırmaq məqsədilə dükanda göstərmək istədiyini bildirib. Bunun üçün qadının əmisi ilə avtomobildən düşən saxtakar zərgər qızılları da götürərək aradan çıxıb.
İstintaqla həmçinin A.Bayramovun 4 analoji cinayət əməlinin də üstü açılıb.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən A.Bayramovun başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə və ya Nərimanov Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.