20-ci sahədən Bibiheybətə gedən yolda, Bibiheybət məscidinin yaxınlığında yerləşən qəbiristanlığın istinad divarı uçaraq yola tökülüb.
Teleqraf. com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, bu torpaq sürüşməsi hadisəsi deyil:
“Sadəcə yolun sağ sahilində divarın üzərində olan üzlük daşları sökülərək yola tökülüb. Divar qalıqları avtomobillərin hərəkətində maneçilik yaradıb".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, divarın bir hissəsi uçduğundan daş-kəsək yolun müəyyən hissəsinə tökülüb: "Bir tərəf açıq olsa da yolun hərəkətinə maneçilik vardı, əməkdaşlar cəlb olundu və qısa müddət ərzində yol təmizləndi".
Hazırda hərəkətə heç bir problem yoxdur. Çox güman ki, qısa zamanda aidiyyəti qurumlar tərəfindən divarın inşası üçün də addımlar atılacaq".
Qeyd edək ki, baş verən hadisənin torpaq sürüşməsi olduğu yayılmışdı.
***
11:34
Bakıda daha bir ərazidə sürüşmə prosesi baş verib.
Bibiheybət yolunda (Bibiheybət məscidinin yaxınlığı) qeydə alınan sürüşmə zamanı istinad divarının bir hissəsi uçub.
Hazırda ərazidə təmizləmə işləri aparılır. /Report/