“Quşçu” vulkanının püskürməsi gözlənilən idi.
Bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, fevralın 5-də Şamaxı-Ağsu bölgəsində baş verən zəlzələdən sonra Şamaxıda 3, Qobustanda 1 palçıq vulkanının aktivləşəcəyi gözlənilirdi.
Güclü zəlzələlərin vulkanların aktivləşməsinə təsir göstərdiyini söyləyən alim baş vermiş zəlzələ ilə əlaqədar Şamaxıda “Quşçu” ilə yanaşı, “Dəmirçi”, “Qızmeydan”, Qobustanda “Şıxzərli” vulkanlarında da aktivləşmənin olacağını ehtimal edib.
***
09:16
Şamaxı rayonunda vulkan püskürüb.
Təbii hadisə bu gün səhər saatlarında rayonun dağlıq Quşçu kəndində qeydə alınıb.
Şamaxı Rayon İcra hakimiyyətinin Quşçu kənd ərazi icra nümayəndəsi Bəşir Bəhramov bildirib ki, vulkan Quşçu kəndində, yaşayış məntəqəsindən 150 metr kənarda, əkin sahələrinə yaxın ərazidə püskürüb: "Vulkan səhər saat 6 radələrində püskürdü. Təxminən 4-5 metr hündürlükdə oldu. Hardasa 1000-1500 metr əraziyə palçıq yayılıb. Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ərazi nəzarətə götürülüb".
Bəşir Bəhramov deyib ki, hadisə nəticəsində sakinlərə və evlərə ziyan dəyməyib.
Xatırladaq ki, 2018-ci ildə də həmin ərazidə palçıq vulkanı püskürmüşdü (Report, Trend).