Aprelin 25-də Moskvada metronun “Novıye Çeremuşki” stansiyası yaxınlığında qanlı insident baş verib. Kimliyi məlum olmayan bir nəfər naməlum silahdan atəş açaraq başqa bir nəfəri, daha sonra özünü öldürüb.
“Komsomolskaya pravda” qəzeti ölənlərin azərbaycanlı olduğunu yazıb. Məlumata görə insident yeraltı keçidin yaxınlığında olub. Hadisə şahidlərinin dediyinə görə, iki nəfər yüksək səslə mübahisə edib, sonra onlardan biri “Naqan” markalı tapançadan atəş açaraq öncə qarşısındakını, daha sonra özünü öldürüb.
Hadisəni törədənin Rəsul Abdullayev olduğu bildirilir. Öldürülən şəxsin cibindən isə jurnalist vəsiqəsi tapılıb. Onun "Moscow Times" nəşrinin əməkdaşı Vaqif Hümbətov olduğu deyilir. Lakin "The Moscow Times" qəzetinin redaksiyası əməkdaşlarının hamısının sağ olduğunu açıqlayıb. Tapılan vəsiqənin saxta olduğu bildirilir.
Ölən azərbaycanlıların Rusiya vətəndaşı olduğu qeyd edilir. Ehtimal edilir ki, hadisə qisas və qan düşmənçiliyi zəminində olub.
Faktla bağlı araşdırmalar davam edir.