Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə iyulun 24-də, gecə saat 3 radələrində qeydə alınıb.
Binəqədi rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərvin Çərkəzov münaqişə zəminində paytaxt sakini Kamran Abdullayevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib.
Xəstəxanaya yerləşdirilmiş Kamran Abdullayev orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən P.Çərkəzov saxlanılıb.
Məlum olub ki, dəfələrlə məhkum olunmuş Pərvin Çərkəzov hadisə baş verən ərazidə telefonla uca səslə danışıb.
Bu zaman oradan qızla keçən Kamran Abdullayev onun nalayiq ifadələr işlətməsinə etiraz edib.
Buna görə də onların arasında mübahisə yaranıb və mübahisə sonradan qanlı olayla nəticələnib.
Faktla bağlı araşdırma aparılır.