15 Sentyabr 2014 14:29
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eks-spiker Rəsul Quliyev Müsavat partiyasının başqanlığına namizəd Arif Hacılını tənqid edib. O, A.Hacılını kənd müxbiri adlandırıb, onun başqan olacağı təqdirdə partiyanın dağılacağını bildirib.

AXCP-yə bağlı media isə Müsavat Partiyasının qurultayına kənar müdaxilələrin olduğunu ifadə edib. Qeyd edilib ki, Avropada yaşayan bir sıra azərbaycanlıların Müsavatda aparılan seçki kampaniyasına təsiri, konkret hansısa namizədi müdafiə etməsi faktiki müdaxilədir. Hətta bu mövzuda Arif Hacılının rəqiblərindən reaksiya da öyrənilib.

İsa Qəmbərin sabiq müşaviri, hazırda Qubad İbadoğlunu müdafiə edən Hüseyn Məlik isə sosial şəbəkələrdə Arif Hacılının 2012-ci ildə prezident İlham Əliyevə etdiyi müraciəti tirajlayıb.

Müsavat başqanının müşaviri, partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvü və Arif Hacılının qardaşı Mustafa Hacıbəyli baş verənləri Teleqraf.com-a şərh edib.

M.Hacıbəyli bildirib ki, Rəsul Quliyev daima Müsavata qarşı mövqe sərgiləyən şəxsdir. Onun sözlərinə görə, Quliyev Müsavatda gedən seçki kampaniyasına müdaxilə etməsə yaxşıdır: “Amerikada eşşək zəhmətkeşlik simvolu hesab olunur və ona xüsusi önəm verilir. Fikrimcə, Rəsul Quliyev bu faktoru daima nəzərə almalıdır. Rəsul Quliyevin üç prezidentlə bir yerdə olduğu dövrlər olub. Bu şəxs hər rəngə girməyi bacaran insandır. Məhz bu səbəbdən də hər rəngə girən şəxslə əqidəli insanlar arasında yaxşı münasibət ola bilməz. Bu şəxsi münasibətlərdən irəli gələn məqamdır. Ancaq qeyd edim ki, Rəsul Quliyev Müsavat Partiyası və Arif Hacılı üçün problem deyil. Müsavatçılar Rəsul Quliyev kimi rəngdən-rəngə girən şəxslərin sözü ilə oturub durmurlar”.

Mustafa Hacıbəyli Müsavatın qurultayına olan kənar müdaxilələr haqda da danışıb: “Avropada yaşayan mühacirlər əslində müsavatçılardır və onların qurultaya müdaxiləsindən söhbət gedə bilməz. Ancaq Müsavatın qurultayına, həqiqətən də kənar müdaxilələr var. Həm Müsavata dost olan, həm də dost olmayan siyasət adamlarından müdaxilələr müşahidə olunur. Müsavatçılar isə dost və dost olmayan siyasətçilərin müdaxiləsini saf-çürük edəcəklər. Təbii ki, hər bir müdaxilənin öz niyyəti var. Dostlar müdaxiləni ona görə edirlər ki, Müsavatın daha güclü olmasını istəyirlər. Dost olmayanlar isə partiyanın zəif olmasını istədikləri üçün buna gedirlər. Biz də hər kəsin müdaxilədə məqsədinin nə olduğunu aid edə biləcəyik”.

Müşavir deyib ki, AXCP-dən də müəyyən müdaxilələr müşahidə olunur: “Başqanlığa namizəd Tural Abbaslının müsavatçılarla görüşü zamanı bir cəbhəçinin çıxışı, çağırışı olub. Bu çıxışla bağlı da həmin cəbhəçiyə yerindəcə cavab verilib. Müsavatçılar müdaxilələrin motivini bilmək baxımından böyük təcrübəyə malikdirlər”.

Mustafa Hacıbəyli Hüseyn Məlikin 2 ildən sonra, məhz qurultay ərəfəsində Arif Hacılının dövlət başçısına etdiyi müraciəti sosial şəbəkələrdə tirajlamasına da münasibət bildirib:

“Arif Hacılının müraciəti qəhrəmanlıq nümunəsidir. Aprel məhbuslarının məhkəməsi zamanı ilk dəfə İsa Qəmbər bildirmişdi ki, təşkilatçı onun özüdür, onu həbs edib həbsdəkiləri azad edin. Sonradan bunu Arif Hacılı məhbəsdə bəyanat şəkilində ifadə edib. Burada pis bir məsələ yoxdur. İndilikdə bu müraciətin başqa formada təqdim edilməsi qərəzdən irəli gəlir”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər