Ziyafət Əsgərov: "Bu qətnamənin ruhu başdan-ayağa qərəzdir"
Aydın Mirzəzadə: "Bu müzakirələr anti-Azərbaycan kampaniyasının növbəti tərkib hissəsidir"
Dünən Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin iclası keçirilib. İclasda bir sıra qanunda texniki dəyişikliklərin edilməsi təklif olunub. Miqrasiya Məcəlləsinə dəyişikliklər olduğuna görə, avtomatik olaraq "Hərbi qulluqçuların statusu haqqında" qanuna əlavələr edilib. Daha sonra komitə üzvləri "Yanğın təhlükəsizliyi haqqında" qanuna edilən dəyişiklikləri müzakirə edib. Bu layihədə də, əsasən, iki maddəyə əlavə edilib, digər dəyişikliklər isə ifadələrin dəqiqləşdirilməsinə dair olub.
Müdafiə və təhlükəsizlik komitəsinin üzvləri çıxışlarında, əsasən, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni ciddi şəkildə tənqid edib.
Komitə sədri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, "Avroparlamentin Azərbaycanla bağlı son qətnaməsini diqqətlə oxuyub: "Bu qətnamənin ruhu başdan-ayağa qərəzdir, böhtandır və yalandır. Bu gün Avropada problem yoxdur? Avropada insan hüquqları, söz azadlığı, demokratiya ilə və sair məsələrlə bağlı xeyli problemlər var.
Niyə o zaman həmin problemlərlə, digər Avropa ölkələri ilə də bağlı belə qətnamələr qəbul etmirsiniz? Elə bir müddət öncə Azərbaycanla bağlı qətnamə qəbul etmişdiniz. Sizin Azərbaycandan savayı işiniz-gücünüz yoxdur? Bu, Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə, qarışmaq cəhdidir. Ümumiyyətlə, biz hər zaman Avroparlamentin Azərbaycana qarşı qərəzini hiss etmişik. Bu, birinci dəfə deyil. Onu da deyim ki, Avroparlamentin 751 üzvü var. Ancaq bu qətnaməni cəmi 46 nəfər qəbul edib ki, bu, elə həmin sənədin legitimliyinə ilk öncə şübhə yaradır. İkincisi də, həmin 46 nəfərdən 45-i, ümumiyyətlə, Azərbaycanda olmayıb".
Deputat Aydın Mirzəzadə isə deyib ki, Azərbaycanın müstəqil daxili-xarici siyasət yeritməsi nədənsə, bəzi xarici dairələri, konkret olaraq Avroparlamentin bəzi üzvlərini çox ciddi şəkildə narahat edir: "Azərbaycanın müstəqil siyasət yeritməsi həmin anti-Azərbaycan dairələrin, qüvvələrin maraqları xaricindədir. Onlar istəyirlər ki, Azərbaycan müstəqil xarici-daxili siyasət yeritməsin, müstəqil siyasət yürütməkdən əl çəksin, məhz onların diqtəsi ilə hərəkət etsin. Onlar həmçinin, Azərbaycanı üçüncü dünya dövlətləri sırasında olan zəif, gücsüz bir ölkə kimi görmək istəyirlər. Bunlar isə olduqca yolverilməz və qəbulolunmazdır".
A.Mirzəzadə qeyd edib ki, Avropa Parlamentində son günlər Azərbaycanla bağlı aparılan müzakirələr ölkəmizlə sözügedən qurum arasında münasibətlərin gələcək inkişafına çox mənfi təsir göstərir:
"Bu müzakirələrin arxasında sağlam məqsədlər dayanmır, bu müzakirələr anti-Azərbaycan kampaniyasının növbəti tərkib hissəsidir.
Çox maraqlıdır ki, Azərbaycanın əleyhinə olan avroparlamentarilər nədənsə, Ermənistan xüsusi-xidmət orqanları ilə əməkdaşlıqda suçlu bilinərək həbs olunan Leyla Yunusun, Rauf Mirqədirovun və digərlərinin əməllərinə göz yumurlar. Onların əsl məqsədi, əslində, bu şəxslərin müdafiəsinə qalxmaqdır. Bu, bizdə çox böyük təəssüf doğurur".
NEMƏT