17 Mart 2020 12:19
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonu ərazisində ayrı-ayrı şəxslərə məxsus əsasən “VAZ 2121” markalı avtomobillərin şüşəsini sındıraraq oğurluq edən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Kazımov tutulub.

Saxlanılan şəxs avtomobillərdən oğurluq edərkən ərazidə olan kameralar vasitəsi ilə də onun əməlləri lentə alınıb.

Əli Kazımov ifadəsində bildirib ki, “Niva”lardan oğurladığı səs gücləndirici, maqnitafon və sair əşyaları onlayn alış-veriş saytlarında satışa çıxarıb.

Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində ötən ilin dekabrında rayon ərazisində bir qadına qarşı törədilən soyğunçuluq hadisəsinin də üstü açılıb.

Həmin vaxt naməlum şəxs zərərçəkənin mobil telefonunu əlindən alaraq hadisə yerindən yayınıb.

Tədbir zamanı həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehdi Zeynalov tutulub.

Hadisə zamanı zərərçəkən qadın yaşadığı yerə getmək üçün olduğu məkana taksi sifariş edib.

Zərərçəkən şəxs sürücüyə yeri izah etməkdə çətinlik çəkdyi üçün təsadüfən rastlaşdığı Mehdi Zeynalova mobil telefonu verərək ondan kömək istəyib. O isə əvəzində qadının telefonunu ələ keçirərək hadisə yerindən qaçıb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci polis bölməsində toplanan materiallar Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər