2 Oktyabr 2014 15:56
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

REAL Hərəkatının icra katibi Natiq Cəfərli Türkiyə Parlamentində müzakirəyə çıxarılacaq orduya ölkədən kənarda əməliyyatlar keçirmək hüququ verən qanun layihəsini şərh edib.

Teleqraf.com-un məlumatına görə, N.Cəfərli qeyd edib ki, qardaş Türkiyə üçün çox həssas və təhlükəli dönəm başlayır:

“Allah yar və yardımçıları olsun! Bu qanun qəbul olunarsa, ordu Suriya və İraq ərazisinə daxil olub, əməliyyat keçirmək hüququ qazanacaq. Hamımız İraqda Səddamın, Liviyada Qaddafinin, Misirdə Mübarəkin getməsinə sevinirdik, Suriyada Əsədə qarşı vuruşanları tərifləyirdik, düşünürdük ki, diktatorlar getməlidir. Mən də bu səhvi etmişəm, bir müddətdir ki, bu haqda düşünürdüm. Uşaqlar çox vaxt əllərinə düşən oyuncağı sökürlər, içinə baxmağa, oyuncağın necə çalışdığını görməyə çalışırlar, sonra da geri yerinə yığa bilmirlər, beləliklə də oyuncağı xarab edir, sistemi pozurlar. Bu ustalığı öyrənməyə çalışan insanlara da aiddir, bir texnikanı sökərək içini öyrənməyə çalışır, yəni, öncədən sökdüyünü necə təmir edəcəyini bilmir. Bu dövlətlərdə, demək olar ki, belə oldu. Dağıdılacaq mexanizmlərin, sistemlərin yerinə nə gələcəyini, onları necə “təmir” edəcəklərini bilmədən bu ölkələrdəki işlək (absurd, basqıcı da olsa, amma işlək) sistemlər, oturuşmuş mexanizmlər dağıdıldı, məhv edildi, yerinə isə heç nə təklif olunmadı, təmiri öncədən hesablanmadı. Nəticədə isə bu ölkələrdə son 10 ildə 2 milyona yaxın insan yaşamını itirdi, iqtisadiyyat çökdü, radikalizm artdı, bərbad bir vəziyyət yarandı. Ona görə də, işlək mexanizmlərin düşünülmüş “təmir” sxemi olmadan onlara dəymək fəlakətlərlə nəticələndiyini hamımız görməliyik və bundan dərslər çıxarmalıyıq”.

Onun fikrincə, Türkiyədə vəziyyət çox qəlizdir, əslində, nəyin hesabına olursa-olsun şiə Əsədi devirmək istəyən Türkiyə yönətimi öz səhvlərinin nəticəsini görür:

“Bütün bu proseslərdən sonda udan kürd xalqı olacaq. Kürdüstan dövlətinin yaranması artıq zaman məsələsidir və kürd siyasətinin həll etmək istədikləri ən böyük problem – dənizə çıxışdır. Dənizə çıxışı olmadan Kürdüstan öz neft-qaz resurslarını birbaşa bazara çıxara bilməyəcək, bu da, həmin ölkəni həmişə qonşulardan asılı vəziyyətə salacaq. Qurulacaq Kürdüstanın dənizə çıxışı ya Suriya üzərindən olmalıdır, ya da Türkiyə, yəni bu ölkələrin torpaqlarının bir hissəsini Kürdüstana qatmaq yolu ilə. Məncə, qardaş Türkiyə dövləti Kürdüstanın qurulmasına müqavimət göstərməkdənsə (onsuz da qurulacaq, böyük güclər bunu istəyirlər), çalışmalıdır ki, Kürdüstanın dənizə çıxışı məsələsinin qarşısını alsın. Belə olduğu təqdirdə Kürdüstanın bütün neft-qaz resursları dünya bazarına ancaq Türkiyə üzərindən və ərazisindən çıxa biləcək. Çünki, hazır infrastrukturu olan ölkə məhz Türkiyədir, hətta bu gün belə İraq Kürdüstanının nefti Ceyhan limanından satılır, Kərkük-Yumurtalıq boru xətti isə çoxdan çəkilib və işlək vəziyyətdədir. Yəni, İraq və Suriya ərazisində Kürdüstan dövlətinin yaranmasının qarşısını almağa çalışmaq artıq güc və zaman itkisidir, əslində o xalq öz dövlətini qurmağı haqq edib. Sadəcə, bu dövlətin gələcəkdə Türkiyənin dostu olmasını indidən təmin etmək lazımdır, bunun yolu isə ancaq Kürdüstan dövlətinin dünyaya, dənizlərə, okeanlara çıxışının Türkiyə üzərindən, yəni Türkiyə ərazisindən olmasını təmin etməkdir. Ümid edirəm ki, bunu qardaş Türkiyə anlayacaq və bu yöndə çalışacaq”.

Nərgiz


Müəllif: