Mübariz Qurbanlı: “Radikaların sosial dayağı yoxdur”
“Cəmiyyətdə din sahəsində böyük maarifləndirmə işləri aparılır. Son vaxtlar yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı təşəbbüslər artıb. Bu, cəmiyyətin tələbatı kimi gündəmə gəlib və bu yöndə də müəyyən tövsiyələrimiz verilib. Artıq bu sahədə xeyli dəyişikliklər müşahidə olunur. Yəni yerlərdə yas mərasimlərində ifrat israfçılığın aradan qaldırılması yönündə vətəndaşlar özləri addımlar atırlar. Burada hər hansı məcburilikdən söhbət gedə bilməz. Əgər bu gün monitorinq aparsaq, əksər bölgələrimizdə yas mərasimlərində israfçılığın aradan qaldırıldığını görə bilərik”.
Bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yas mərasimlərində israfçılıqla bağlı vəziyyəti şərh edərkən deyib.
Komitə sədri bir sıra ölkələrdə zərərli dini cərəyanların fəallaşması haqqında və bunun ölkəmizə təsiri barədə də fikirlərini açıqlayıb: “Azərbaycanda dini radikal qrupların mövcud olduğu bəllidir. Lakin bütövlükdə bu qruplar cəmiyyətimizə təsir göstərmək imkanına malik deyillər. Onların ölkədə sosial dayaqları yoxdur. Çünki dini radikal qrupların Azərbaycana gətirərək təbliğ-təşviq etmək istədikləri “ideyalar” xalqımıza, cəmiyyətimizə xas deyil. Dini radikal qrupların təhlili göstərir ki, bu qrupların yaradılmasında məqsəd müəyyən siyasi və geopolitik maraqları həyata keçirməkdir. Dini radikal qruplar hansı islam ölkəsində yaranırsa, orada müəyyən qarşıdurmaları, silahlı münaqişəni görürük. Ona görə də, xalqımız bu cür qrupların təbliğinə qarşıdır, onun aradan qaldırılmasında cəmiyyətimiz vahid şəkildə iştirak edir və burada bizim ənənəvi islami dəyərlərin daşıyıcıları olan məscidlərimiz, dini icmalarımız yaxından iştirak edirlər. Müəyyən dini radikal qrupların cəhdlərinə baxmayaraq, onların arxasınca gedən yoxdur. Əlbəttə, bəzən ayrı-ayrı faktlar üzə çıxır, radikal qrupların təşviqi ilə Azərbaycandan kənara gedərək hansısa ölkənin ərazisində silahlı birləşmələrə qatılanlar var. Amma bunlar tək-tək faktlardır. Bu hadisələr ümumi cəmiyyətə şamil edilə bilməz”.
Cavidan