Xaçmaz rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan Vüsal Kərimovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Samir Əliyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Xaçmaz rayonu, Uzunoba kənd sakini 1974-cü il təvəllüdlü Vüsal Kərimov aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1985-ci il təvəllüdlü Nəriman Yusifovun üzərinə benzin tökərək yandırıb.
Ağır yanıq xəsarətləri alan Nəriman Yusifov Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.
Ona tibbi yardım göstərilib.
Vüsal Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən Vüsal Kərimovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.