27 Yanvar 2021 13:06
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini R.Pirverdizadə Xətai rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 315 qram metamfetamin və narkotik vasitələrin satışından əldə edilmiş pulların yükləndiyi 2 ədəd bank kartı aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Jaquar” markalı avtomobilə baxış zamanı isə oradan əlavə olaraq 1 kiloqram 635 qram heroin və 1 kiloqram 665 qram metamfetamin götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının digər əməliyyatı nəticəsində paytaxt sakini V.Məhərəmov Yasamal rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan “TT-17” markalı pnevmatik tapança aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 249 qrama yaxın tiryək, 88 qramdan artıq marixuana, 96 ədəd metadon, 456 ədəd trapin və 1 ədəd elektron tərəzi götürülüb.

Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şonqar qəsəbə sakini, əvvəllər məhkum olunmuş D.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə olaraq 5 kiloqram heroin götürülüb.


Müəllif: Hacı Zeynalov