Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Səbuhi Qəfərov saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Məlumata görə, saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı ondan 78 qramdan artıq heroin və 3 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Araşdırmalarla onun narkotik vasitəni əvvəlcədən olan sövdələşmə əsasında Cəlilabad sakini, əvvəllər məhkum olunmuş Mirelnur Mürsəlova satmalı olduğu müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.
M.Mürsəlovun yaşadığı evin zirzəmisinə keçirilən baxış zamanı oradan 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid sandıqça və 55 ədəd patron, 2 ədəd F1 əl qumbarası, “Makarov” markalı tapançaya aid 4 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan başqa, Masallı rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Təzə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş Şain İbişov saxlanılıb.
Onun üzərinə keçirilən şəxsi axtarış zamanı 8 bükümdə çəkisi 4 qramdan artıq narkotik vasitə tiryək aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq Ş.İbişovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 740 qram tiryək aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı cinayət işi başlanıb.