17 Mart 2021 11:25
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Daxil olmuş məlumat əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda və satışında şübhəli bilinən rayon sakini, əvvəllər Rusiya Federasiyasında məhkumluq həyatı yaşamış Elçin Haqverdiyev saxlanılıb.

Davam etdirilən araşdırmalarla E.Haqverdiyevin şəhər ərazisindəki yaşadığı evdən, eləcə də əvvəllər yaşadığı Alaçadırlı kəndindəki evdən və onun üzərindən müxtəlif qablaşdırmalarda 2 kiloqram 300 qramdan artıq qurudulmuş marixuana aşkar edilib.

Bundan başqa Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Laçın rayon sakini, əvvəllər məhkum edilmiş Tofiq Qurbanov saxlanılıb.

Onun Alaçadırlı kəndində yaşadığı ünvana və üzərinə baxış keçirilən zaman müxtəlif qablaşdırmalarda 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilib.


Müəllif: Hacı Zeynalov