29 Oktyabr 2014 15:04
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatı (QAT) BMT-nin Bakı ofisinin qarşısında kəlbəcərli girovların azad edilməsi tələbi ilə aksiya keçirir.

QAT sədri Akif NağıTeleqraf.com-a açıqlamasında bildirib ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT azərbaycanlı girovların taleyinə biganədilər.

"Biz BMT-nin Bakı ofisinin nümayəndələri ilə görüşüb piketin qətnaməsini onlara təqdim etmək istəyirik. Amma bizimlə görüşmək istəmirlər".

Qeyd edək ki, QAT dünən kəlbəcərli girovlarla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Qarabağ Azadlıq Təşkilatı işğalçı Ermənistanın Dağlıq Qarabağda yaratdığı qondarma rejim tərəfindən azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulan “məhkəmə” prosesini fars və növbəti oyunbazlıq hesab edir. İşğalçı Ermənistan bir daha göstərir ki, onun üçün beynəlxalq qanun, norma, etik qayda yoxdur. Bu həyasızlaşmış rejim heç nədən, heç bir beynəlxalq təşkilatdan, beynəlxaql ictimai rəydən çəkinmədiyini nümayiş etdirir.

“Məhkəmə”nin ilk günü də göstərdi ki, ermənilər yalançı, həqiqətə uyğun olmayan bir ssenari qurublar. Dediklərinin heç biri həqiqətə uyğun gəlmir, bir-birini təkzib edir. Dilqəm Əsgərovla Şahbaz Quliyevi diversant qrupunun üzvü kimi təqdim etməyə çalışırlar, amma özlərini gülünc vəziyyətə qoyurlar. Bu cür məntiq, bu cür diversant qrupu ancaq xəstə erməni təxəyyülünün nəticəsi ola bilər. Bəs bu “diversant qrupu”nun başqa üzvləri hanı? Bunları hansı diversiya əməli üstündə tutublar? Heç bir fakt yoxdur. Erməni xəstəlyinə uyğun olaraq hər şeyi barmaqlarından sorub ortaya qoymağa çalışırlar. Hansısa uşağın meşədə öldürülməsini bunların üstünə qoymağa çalışırlar, heç bir sübutları da yoxdur. Yaxın-uzaq 1967-ci ilin hadisəsi yada düşür. Onda da Dağlıq Qarabağın Kuropatkino kəndində Benik adlı erməninin uşağını öldürmüşdülər, heç bir sübut olmadan bu ölüm hadisəsini Ələmşah Musatafayev və daha 2 azərbaycanlının üstünə atdılar. Xankəndində onların üzərində məhkəmə quruldu, ermənilər məhkəminin qərarını gözləmədən dustaq maşınını yolda aşırdılar, hər 3 azərbaycanlını maşında diri-diri yandırdılar. Sonradan məlum oldu ki, həmin erməni uşağını öz dayısı öldürüb. Ermənilər indi də həmin yolla gedirlər. Günahsız azərbaycanlıları cəzalandırmağa çalışırlar.

Biz azərbaycanlı girovların ermənilərin bu oyunbazlıqları, təzyiqləri, təhdidləri qarşıında mərdliklə dayanmaları, sınmamalarını, işğalçıların üzünə həqiqəti demələrini fəxrlə qeyd edir və Azərbaycan hakimiyyətindən öz vətəndaşlarına sahib durmasını tələb edirik. Biz Azərbaycan hakimiyyətindən bu bədnam “məhkəmə” oyunbazlığının dayandırılması ilə bağlı beynəlxalq təşkilatlar qarşısında dərhal məsələ qaldırmasını, məsələ müsbət həllini tapana, girovlar geri qaytarılana qədər Ermənistanla istənilən rəsmi və qeyri-rəsmi təmasları, danışıqları dayandırmasını tələb edirik. Birləşmiş Millətlər Təşkilatının baş katibi, Təhlükəsizlik Şurası dərhal bu məsələyə müdaxilə etməli, işğalçı Ermənistanın bu qanunsuz hərəkətlərinin, əzizlərinin qəbrlərini ziyarət etmək üçün öz yurdlarına getmiş 2 sadə azərbaycanlıya “məhkəmə” adı altında divan tutulması cəhdlərinin qarşısını almalıdır. Biz BMT rəhbərliyini, bütün digər beynəlxalq qurumları Azərbaycan xalqının heysiyyatı ilə oynamamağa cağırırıq, bizim də səbrimiz tükənməz deyil. Bu qədər haqsızlıq, ədalətsizlik etmək olmaz! Ya bir müsbət iş görsünlər, ya da çıxıb getsinlər!”

Ayxan


Müəllif:

Oxşar xəbərlər