30 Oktyabr 2014 13:12
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əli Kərimli xaricilərin çaldığı havaya oynayır”

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov müxalifət düşərgəsindəki istefaları şərh edib.

O, Teleqraf.com-a açıqlamasında Müsavat Partiyasının başqan seçkisindən sonra yaranan gərginliyin və AXCP-dəki kütləvi istefaların səbəbinə aydınlıq gətirib.

“Müsavatın taleyi şübhə altındadır”

S.Novruzov qeyd edib ki, Müsavat Partiyası qurultaydan sonra tamam acınacaqlı vəziyyətə düşüb: “Partiyanın rayon təşkilatları istefa verib, strukturlarını formalaşdırmaq mümkün deyil, insanlar ədalətsiz keçirilən saxta seçkilərə etiraz edir. Partiya daxilində seçki keçirə bilmədiyi halda parlament seçkilərində yalandan saxtakarlıq edildiyi barədə qışqırmaları bir daha sübut etdi ki, bunlar ömrü boyu məğlub olublar və məğlubiyyətlərini də müxtəlif vasitələrlə gizlədirlər. O baxımdan Müsavatın taleyi şübhə altındadır. Partiyada yenidən qurultay keçirilməlidir, rayon və şəhər təşkilatlarında ədalətli seçim olmalıdır, sonradan strukturlar formalaşmalıdır, əks halda Müsavat daxilində 2-ci, 3-cü partiyalar yaranacaq. Bu partiyalar ayrı-ayrılıqda müstəqil şəkildə fəaliyyət göstərməyə başlayacaqlar”.

“İsa Qəmbər açıq şəkildə Adil Əliyevə uduzmuşdu”

YAP funksioneri əlavə edib ki, partiyanın lideri İsa Qəmbər indiyədək iştirak etdiyi bütün parlament və prezident seçkilərində rəqiblərinə uduzub: “O, ilkin vaxtlarda uduzduqdan sonra geri çəkilməli idi. Lakin müxtəlif bəhanələrlə özünü sığortalamağa çalışdı. Parlament seçkilərində namizədliyini Nərimanov seçki dairəsindən irəli sürəndə bütün ATƏT nümayəndələri məntəqələrdə oturmuşdu. Açıq şəkildə İsa Qəmbər Adil Əliyevə uduzdu. İsa Qəmbər tükənmiş bir insandır, onun heç bir perspektivi yoxdur”.

“AXCP seçkilərdə başqa təşkilatın yedəyinə çevrilir”

AXCP-dəki istefalara gəlincə, S.Novruzov qeyd edib ki, sözügedən partiyanın gələcəyi yoxdur: “Gah Milli Şuraya, gah başqa təşkilatlara qoşuldu. Partiyanın perspektivi olmayanda həmişə axtarışda olur. O baxımdan AXCP-də olanlar da artıq görür ki, o cür rəhbərlik və təmsilçiliklə heç də irəli gedə bilməyəcəklər və parçalanacaqlar. Ona görə də rayon və şəhər təşkilatları istefa verir. Bir vaxtlar AXCP seçkilərdə Etibar Məmmədovun namizədliyini dəstəklədi, sonra parlament seçkilərində hansısa partiyanın yedəyinə çevrildi. Çünki orada partiyanı idarə edə biləcək nüfuzlu şəxslər yoxdur. Olanlar çıxıb getdi və özlərinə başqa-başqa partiya yaratdılar və gördülər ki, bu rəhbərliklə orada işləmək qeyri-mümkündür”.

“Əli Kərimli cangüdənləri, sürücüsündən ibarət heyət düzəldib”

Onun sözlərinə görə, AXCP sədri partiyada xüsusi heyət formalaşdırıb: “Əli Kərimli özünə cangüdənləri, sürücüsü, qapıda duran adamlardan ibarət heyət düzəldib. Təbii ki, bu heyət də partiyada qəbul olunmur. Bunlar açıq-aşkar görürlər ki, Əli Kərimli xaricdən bu və ya digər yollarla kifayət qədər maliyyə alaraq ancaq ermənipərəst qüvvələri dəstəkləməklə məşğuldur. Xaricilər hansı havanı çalırsa, Əli Kərimli və ətrafındakılar o havanı oynayır. Əli Kərimli partiyanı gəlir mənbəyinə çevirib və ancaq özünün təminatı ilə məşğuldur. Onların da arasında az-çox dövlətini, xalqını istəyən adamlar var. Onlar Əli Kərimlinin xain siyasətinə etiraz olaraq uzaqlaşmağa başlayıblar”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər