6 May 2014 10:14
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin xarici işlər naziri Aviqdor Liberman aprelin 28-dən mayın 4-dək Azərbaycanda rəsmi səfərdə oldu. Səfər çərçivəsində A.Liberman Azərbaycan prezidenti İlham Əliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazirin müavini Yaqub Eyyubov, müdafiə naziri Zakir Həsənov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, habelə yəhudi icması ilə görüşlər keçirib.

Bəs, səfərin yekunları nə cür qiymətləndirilir? Onu qənaətbəxş saymaq olarmı?

“Hər iki tərəf əməkdaşlıqdan kifayət qədər fayda götürür”

“İsrailin xarici işlər naziri Aviqdor Libermanın səfərinin yekunlarını müsbət qiymətləndirirəm”.
Bunu qəzetimizə açıqlamasında Milli Məclisin Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun üzvü, politoloq Rasim Musabəyov bildirib.

O qeyd edib ki, iki ölkə arasında bütün sahələrdə çox sıx əməkdaşlıq mövcuddur: “Azərbaycanla İsrail hərbi sahədən tutmuş kənd təsərrüfatı, səhiyyə sahəsində faydalı əməkdaşlıq edirlər. İsrail Azərbaycana müasir texnika satır. İsrail xarici işlər nazirinin səfəri birinci səfər deyil, səhv etmirəmsə, bu, artıq beşinci səfərdir. Azərbaycan prezidenti İsrailin həm baş naziri, həm də prezidenti ilə dəfələrlə görüşüb. Sonuncu belə görüş bu ilin yanvarında Davosda keçirilən iqtisadi forum çərçivəsində olub. Demək istəyirəm ki, Azərbaycanla İsrailin hər iki tərəfə kifayət qədər fayda verən əməkdaşlığı mövcuddur”.

“Libermanın Minsk Qrupu ilə bağlı bəyanatı çox yerində idi”

Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun digər üzvü Bəxtiyar Əliyev isə deyib ki, səfərin yaxşı keçdiyini, ciddi müzakirələrin aparıldığını bildirib. O qeyd edib ki, A.Liberman bir sıra məqamlara aydınlıq gətirib və bütövlükdə bölgə üçün maraqlı olan bir sıra bəyanatlarla çıxış edib: “Düşünürəm ki, Azərbaycanla İsrail arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələri bundan sonra daha da inkişaf edəcək”.

Qeyd edək ki, İsrailin xarici işlər naziri Bakıda keçirdiyi mətbuat konfransında ölkəsinin ATƏT-in Minsk Qrupunda təmsil oluna bilməsi ilə bağlı məsələyə də münasibət bildirib. O, İsrailin Minsk Qrupunda iştirak etməsi barədə təklif gəlməsinə inanmadığını vurğulayıb. “İnanmıram ki, kimsə İsrailin Minsk Qrupunda iştirakını bizə təklif edə. Amma belə bir təklif olsa, biz bu təklifə baxardıq. Bir də baxır bu təklif kimdən gələcək” - deyə nazir qeyd edib.
Bu məsələyə də münasibət bildirən B.Əliyev bildirdi ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti məsələsi Milli Məclisdə də dəfələrlə müzakirə olunub: “Biz öz mövqeyimizi bununla bağlı bir neçə dəfə açıqlamışıq. Həmsədrlərin fəaliyyəti bizi qətiyyən qane etmir. Çünki onlar öz mandatları çərçivəsində, demək olar ki, son 10 ildə heç bir iş görməyiblər. Əvvəllər yenə hansısa bir sülhyaratma təklifi ilə çıxış edirdilər. Amma son illərdə heç bir iş görməyiblər. Nəinki görməyiblər, hətta mən deyərdim təcavüzkar, işğalçı Ermənistana açıq-aydın dəstək veriblər. Çünki istər beynəlxalq təşkilatlarda, istəsə də ölkələrlə qarşılıqlı əməkdaşlıqda hər dəfə Ermənistanla Azərbaycanın mövqelərini eyniləşdirməyə, Ermənistana yardım göstərməyə cəhdlər göstəriblər. Bu isə Ermənistanı öz işğalçı mövqeyindən çəkindirməyə deyil, əksinə, onu həvəsləndirməyə xidmət edir. Təbii ki, bu da bəzi siyasi dairələrin, bəzi ölkələrdəki siyasi qüvvələrin maraqlarına xidmət edən bir mövqedir. Mən hesab etmirəm ki, bu, bütövlükdə Amerika, yaxud fransız və rus xalqının mövqeyinin ifadəsidir. Bu, sadəcə olaraq bir qrup qüvvələr var ki, onların maraqlarına, ambisiyalarına xidmət edir. Ona görə də hesab edirəm ki, bu məsələdə İsrailin mövqeyi çox yaxşı, yerində olan bir bəyanat idi. Bu, həm də onu göstərirdi ki, İsrail beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə davam edəcək”.

SƏXAVƏT


Müəllif: