26 Avqust 2021 16:03
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə bir neçə dəfə müraciət edən Ağsu rayonunun Keçdiməz kənd sakinləri olan yaxın qohumlar onlara məxsus evlərin, ot bağlamalarının və sahələrin maskalı şəxs tərəfindən yandırıldığını, eləcə də bir nəfərə fiziki təzyiqin göstərildiyini bildiriblər.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Daxil olmuş müraciətlərlə əlaqədar rayon polis şöbəsinin əməkdaşları tərəfindən ərazidə gücləndirilmiş xidmət təşkil olunub və həmin əməlləri törədən şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Keçirilmiş tədbirlər nəticəsində yanğını törədən şəxsin özünü polisə zərərçəkmiş şəxs qismində təqdim edən Ümidvar Əzimzadə olduğu müəyyən edilib.

Saxlanılan Ü.Əzimzadə ifadəsində ailəsinin və yaxın qohumlarının ona qarşı soyuq münasibət bəslədiyini bəhanə gətirərək onlara məxsus ünvanlarda yanğınlar törətdiyini, məqsədinin həmin şəxsləri qorxu içərisində yaşatmaq olduğunu bildirib.

Ü.Əzimovzadənin əmisi oğlu Kamran Əzimzadənin guya naməlum şəxs tərəfindən döyülməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılan araşdırma zamanı onun hər hansı bir fiziki təzyiqə məruz qalmadığı, üzərində daşıdığı bıçaqla geyimini yararsız hala saldığı məlum olub.

Buna səbəb kimi isə baş verən hadisələrdən qorxduğunu və sakinlər tərəfindən gecələr ərazidə təşkil edilən növbətçilikdən yayınmaq olduğunu əsas gətirib.

Hazırda faktla bağlı Ağsu rayon polis şöbəsində araşdırma aparılır.

Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər