Bakıda yaşayış evinə basqın etməkdə ittiham olunan Səma Əsədova və Dilək İbrahimovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim İradə Həsənzadənin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Sabunçu rayonunun Maştağa qəsəbə sakini Şəfi Quliyev Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzinə məlumat verərək bildirib ki, bu ilin mayın 25-də, gecə saat 4 radələrində evinə daxil olan iki nəfər naməlum şəxs onun bədəninin müxtəlif nahiyələrinə dəmir linglə və bıçaqla xəsarətlər yetirib, əmlakını ələ keçirməyə çalışıb.
Hadisə ilə bağlı dərhal Sabunçu rayon Polis İdarəsi və 14-cü polis bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Səma Əsədova və paytaxt sakini Dilək İbrahimova saxlanılıblar.
Hər iki şəxs törətdikləri hadisəni etiraf edib.
Hadisə zamanı Səma Əsədova və Dilək İbrahimova oradan uzaqlaşan zaman evdən zərərçəkənə məxsus “Mitsubishi” markalı avtomobilin açarlarını götürüblər.
İstintaq orqanı tərəfindən hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.