12 Noyabr 2014 22:28
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubad İbadoğlu Müsavatda repressiyaların başladığını bildirdi

Müsavat Partiyasının Divanı VIII qurultaydan sonrakı ictimai diskussiyalar barədə iclas keçirib. Noyabrın 11-də baş tutan iclas barədə partiya bəyanat yayıb.

Bəyanatda deyilir ki, Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII qurultayının qərarlarını şübhə altına alan fəaliyyətlə bağlı müzakirələr keçiriləcək: “Partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Müsavat Partiyası Divanının 17 noyabr iclasına dəvət olunsun. Toplantıda partiyada ikitirəlik yaratmaq cəhdləri ilə bağlı bəyanat qəbul edilib. Noyabrın 23-ü Bakıda ümumrespublika müşavirəsinin keçirilməsi qərara alınıb. Müsavat Partiyasının Divanı qeyd edib ki, partiya üzvlərinin, rayon təşkilatlarının belə fəaliyyəti durdurmaq, partiyanın qurultayının, Məclisinin, Divanının qərarlarına uyğun fəaliyyət göstərmək tələblərinin bundan sonra da nəzərə alınmayacağı təqdirdə nizamnamə tələblərinə uyğun qərarların qəbul edilməsi qaçılmaz olacaq”.

Bəyanatda vurğulanıb ki, VIII qurultaydan sonra seçkinin nəticələrindən narazı qalan bir qrup partiyanın ideoloji-siyasi xəttinə zidd fəaliyyət göstərir.

“Bu, azad sözə qarşı repressiyadır”

Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Müsavat Divanının yaydığı bəyanata münasibətini açıqlayıb. O, sözügedən bəyanatı azad sözə qarşı repressiya kimi qiymətləndirib. Onun fikrincə, Müsavatın yeni rəhbərliyinin əsas fəaliyyəti partiyanın gələcəyindən narahat olan adamların cəzalandırılmasına yönəlib: “Divanın yaydığı bəyanat və iki nüfuzlu müsavatçının azad şəkildə ifadə etdikləri fikirlərinə görə izahat almaq tipli dəvət olunması bunun sübutudur”.

“Öz legitimliklərini qəbul etdirmək istəyirlər”

Q.İbadoğlu qeyd edib ki, partiyanın yeni rəhbərliyi Müsavatın gələcəyini düşünən narazıların aktiv fəaliyyətindən qorxuya düşüb: “Ona görə də hər vəchlə fəaliyyətimizin qarşısını almağa çalışır, öz legitimliklərini qəbul etdirmək istəyirlər. Amma bizim Müsavatın, müsavatçılığın gələcəyindən narahat olduğumuzu anlamırlar. Bizim 8 noyabrda keçirdiyimiz toplantı onlara bir siqnal oldu. Bu, həm də Müsavatda baş verənlərdən narahat olanların tam əksəriyyət olduğunu göstərirdi. Bu sıra hər keçən gün daha da genişlənir, rayon təşkilatları da artıq baş verənlərin fərqinə varırlar. Lakin yeni rəhbərlik hər şeyi düzəltmək əvəzinə, daha pis formada dağıdır. Bu da ümumi partiya marağına ziddir. Onlar hər şeyin dialoq yolu və nizamnamə çərçivəsində həll etməyin mümkünlüyünü anlamalıdırlar. Təəssüf ki, bu günə qədər bunu anlamayıblar və atdıqları hər bir addım nizamnaməyə uyğun olmayıb. Bizim əsas istəyimiz hər şeyin nizamnamə çərçivəsində həll edilməsidir”.

“Cəzalandırma metoduna üstünlük verirlər”

Q.İbadoğlu hazırkı rəhbərliyin məqsədinin yalnız cəzalandırma olduğunu bildirib. Onun sözlərinə görə, bu səhv addımdır və partiyadaxili qarşıdurmanı körükləyir: “Divanın bəyanatı müsavatçıların hüquqlarına qarşıdır. Onlar son vaxtlar bəyanat istehsalı ilə məşğul olur, rayon təşkilatlarının adından özlərinə dəstək bəyanatları səsləndirirlər. Bu bəyanatlardan hazırki rəhbərliyin səmimi olmadığını görürük. Onlar əvvəlcə qucaqlaşmaq təklifi edir, partiyanın birliyinə səsləyirlər. Amma real işə gələndə cəzalandırma metoduna üstünlük verirlər. Bu qeyri-səmimi mövqedir. Onları bu yanlış yollardan çəkinməyə çağırıram”, - deyə o, qeyd edib.

Vurğun Əyyub heyrət içində

Müsavat Partiyasının qurultaydan narazı qalan üzvü Vurğun Əyyubun fikrincə, partiyada yaranmış narazılığın aradan qaldırılması üçün bu ritorikada bəyanatlar heç bir əhəmiyyət daşımır: “Müsavat Partiyası Divanının qurultaydan narazı üzvlərin fəaliyyətinin partiyanın ümumi ideoloji-siyasi xəttinə zidd olduğu haqqında bəyanatını oxuyanda heyrət içində qaldım. Həmin bəyanat açıqlanma tələb edir. Hansı ideoloji-siyasi xəttə zidd hərəkətlərdən söhbət gedir? Bunu açıqlayaydılar. Mən qurultayın nəticələrindən narazı qalan müsavatçıların partiyanın ideoloji-siyasi xəttinə qarşı hər hansı fəaliyyətini görməmişəm”.

“Qubad İbadoğlunu təkləmək istəyirlər”

Divanın növbəti toplantısına dəvətli olan Səxavət Əlisoy görüşə getməkdən imtina etdiyini söyləyib: “Nə qurultayın nəticələrini, nə Arif Hacılının başqanlığını, nə Divanı, nə Məclisi, nə də MNTK-nın legitimliyini tanıyıram. Onlarla üzbəüz oturub nədən danışa bilərik? Seçilən taktika fraksiya yaratmaq istəyən qrupu bölmək məqsədi daşıyır. Burada Qubad İbadoğlu, Vurğun Əyyub, Tural Abbaslı və digərləri də var. Nə üçün ancaq mənimlə Əlövsət bəyi dəvət edirlər? Deməli, Qubad bəyi təkləmək istəyirlər. Mən bunu qəbul edə bilmərəm”.

“Müsavatı quranlardan biriyəm, mənə bölücü deyirlər”

Digər dəvətli Əlövsət Talışxanlı da Arif Hacılının qəbuluna getməyəcəyini bildirib: “Müsavatı quranlardan biriyəm, mənə bölücü deyirlər. Əsl bölücülər onlardır, hər şeyi nizamnamədən kənar edirlər. Qurultay keçiriləndən iki gün sonra başlayaraq ciddi pozuntulara yol veriblər. İşləmək istəyirlərsə, düz yola gəlməlidirlər. İndi özlərinin ağılı ilə guya siyasi gediş edib bizi parçalayacaqlar. Hər kəs baş verənləri gözəl bilir”.

“Söz azadlığına məhdudiyyət yoxdur”

Müsavat başqanının müavini Gülağa Aslanlı narazıların fikirlərini şərh edib. Onun sözlərinə görə, partiyanın proqram və nizamnaməsinə zidd olan hərəkətlərə yol verməməlidirlər: “Tənqid ayrı, təhqir ayrı şeydir. Müsavat Partiyasının üzvləri partiyaya daxil olarkən nizamnaməni qəbul elədiklərini bildirirlər, ona görə də onlar nizamnamənin tələblərinə cavab verən hərəkətlər eləməli, etik normaları gözləməlidirlər. Divanın son bəyanatında da məhz nimzanməni pozanlara xəbərdarlıq edildi ki, nizamnamə pozuntularına son qoysunlar. Pozuntulara yol verən adamlarla bağlı məsələ nizamnamə tələbinə uyğun olaraq müzakirə oluna bilər. Burada qətiyyən söz azadlığına məhdudiyyət yoxdur. Kimsə başqasını söyməyi söz azadlığı hesab edirsə yaxud nizamnamənin tələblərini qəbul etməməyi hüququ sayırsa, bilməlidir ki, qərarla razı olmadığını söyləsə də, qərarın yerinə yetirilməsi onun üçün vacibdir. Müsavat Partiyasının qurultayını nizamnamə tələbi ilə qəbul edən insanlara həmişə qapımız açıqdır. Kimsə bundan narazı qalıbsa və əlində bu narazılıqları təsdiq edən faktlar varsa, onu təqdim eləsin və həmin faktları onların iştirakı ilə də müzakirə edək”.

“Qubad İbadoğlu həmin adamlarla səhərdən axşama qədər bir yerdədir”

G.Aslanlı söyləyib ki, bütün dünyada qəbul olunmuş normalara əsasən siyasi partiya üzvləri nizamnamə çərçivəsində hərəkət eləməlidir: “”Mən qurultayın nəticəsini tanımıram”, “Mənim başqanım Qubad İbadoğludur” deyən müsavatçı nizamnaməni kobud şəkildə pozur və Qubad İbadoğlu həmin adamlarla səhərdən axşama qədər bir yerdədir”.

Başqan müavini Vurğun Əyyubun “Hansı ideoloji-siyasi xəttə zidd hərəkətlərdən söhbət gedir?” sualını da cavablandırıb: “Söhbət birbaşa fraksiyanın yaradılması istiqamətdə düşünülən addımlardan gedir”.

G.Aslanlı noyabrın 17-də nəzərdə tutulan Divanına dəvətlilərin bundan imtinasına da aydınlıq gətirib: “İştirak edib-etməmək onların hüququdur, iştirak etməyə də bilərlər. Divan da bu məsələni nizamnamə çərçivəsində

həll edəcək”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər