19 Noyabr 2014 16:35
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı bir sıra mühüm məsələlər qaldırıb. Deputat deyib ki, qarışıqlığın hökm sürdüyü dünyada ölkədə sabitlik yaratmaq, iqtisadiyyatı inkişaf etdirmək, habelə bu inkişafı görüb həzm etməyənlərə sinə gəlmək asan deyil:

“Ölkədə inkişaf gedir, yeni iş yerləri açılır. Bu büdcədə öz əksini tapıb. Bəzən görürsən ki, müzakirələr zamanı Azərbaycanı Ermənistanla müqayisə edirlər. Fikrimcə, bu uğursuz müqayisədir. Yalnız hərbi büdcə ilə bağlı müqayisə aparmaq olar. Biz Avropa Birliyi dövlətləri ilə, ən azından Qazaxıstan və Rusiya ilə müqayisə oluna bilərik”.

Deputat söyləyib ki, Rusiya simasında görürük ki, ərzaq təhlükəsizliyi nə dərəcədə vacibdir: “Bu mənada ərzaq təhlükəsizliyini, kənd təsərrüfatını təmin edən şəxslərə kredit güzəştləri olmalıdır. Bir var vətəndaş gedib avtomobil alır, bir də var şəxs krediti aqrar sahəni inkişaf etdirmək məqsədilə alır. Bu zaman əkin sahəsi quraqlıqdan az məhsul gətirə bilər, əkilən ağaclar bir neçə ilə bar verə bilər. Hesab edirəm ki, aqrar sahəyə, kənd təsərrüfatına uzunmüddətli və az faizlə kredit verilməlidir”.

İpoteka krediti haqda danışan Siyavuş Novruzov deyib ki, nazirliklərin idarə rəisləri və işçilərinin əmək haqqı imkan vermir ki, onlar ipoteka imkanlarından yararlansınlar: “Əgər bu gənclər üçün nəzərdə tutulubsa, faizlər aşağı olmalı, onun verilməsi sadələşdirilməlidir. Amma indi ipoteka krediti elə nəzərdə tutulub ki, imkanlı adam ipoteka alıb kəm-kəsirini düzəltsin. Biz ipoteka kreditini ildən-ilə artırırıq. Amma nəticəyə baxmalıyıq. Müəllim, həkim ipoteka ala bilmir. Prezident də çıxışı zamanı dedi ki, hər şey insan üçündür. Azərbaycanda müəlimin sayı ABŞ-dan üç dəfə artıqdır. Buna da baxmaq lazımdır. Müəllimə elə əmək haqqı vermək lazımdır ki, yaxşı dolansın. Biz alim yetişdiririk. Azərbaycanda orta məktəblərdə təhsil alan oğlanların 20 faizindən çoxu hərbi xidmətə cavab vermir. Hərbi dərslər bərpa olunmalıdır. Əlbəttə, alim də, bəstəkar da lazımdır. Sabah İŞİD gələndə biz bəstəkar yox, əsgər axtaracağıq”.

Sonda Novruzov deyib ki, siyasi partiyaların büdcədən maliyyələşməsinə də baxılmalıdır: “QHT-lər xaricdən qrant ala bilir, mətbuat reklam əldə edə bilir. Siyasi partiyalara da maliyyə artırılmalıdır ki, onların da qırışı açılsın”.

Nemət


Müəllif:

Oxşar xəbərlər