Noyabrın 23-də Müsavat Partiyasında keçirilən ümumrespublika müşavirəsi qalmqalsız ötüşmədi. Müşavirədə Müsavatın sabiq başqanı İsa Qəmbərin çıxış edərək Arif Hacılını bir daha dəstəkləməsi birmənalı qarşılanmayıb.
"Mən Müsavat Partiyasının seçdiyi Arif Hacılı ilə bir yerdəyəm. Kim bu yolda olmaq istəyirsə, gəlsin, mübarizəmizi davam etdirək. Kimsə özünə başqa lider axtarırsa, buyursun, öz yolunu getsin”, deyə İ.Qəmbər bildirib. Bu zaman yerdən səslənən “İsa Qəmbər qurultay iştirakçılarına təzyiq edib” şüarlarına sabiq başqanın reaksiyası belə olub.
“Bəsdirin, bu qədər yalan olmaz, yalan danışmayın. Mən təzyiq etsəydim, Arif Hacılı 228 yox, 350 səs toplayardı”.
"Niyə əsəbləşirsiz?"
İ.Qəmbər bir daha qeyd edib ki, baş verənlər hakimiyyətlə Müsavat Partiyası arasında gedən mübarizədir. Keçmiş başqan partiya daxilində fraksiya yaratmaq istəyənlərə də cavab verib: “Hər birimiz Müsavata daxil olanda Nizamnamənin tələblərini yerinə yetirəcəyimiz barədə öhdəlik götürmüşük. Partiyanın strukturlarına alternativ qurum yaradıla bilməz. Təəssüflər olsun ki, Müsavatda məğlub tərəf Mərkəzi Nəzarət-Təftiş Komissiyasını tərəf saxlamaqda ittiham edir. Qurultaya qədər MNTK tərəfsiz idi, qurultaydan sonra tərəfə çevrildi? Burda bildirdilər ki, MNTK tərəfsiz olmalıdır. Çox maraqlı tezisdir. Amma nədənsə, seçki dövründə MNTK-nın tərəfsiz olması zərurəti haqqında danışmırdılar”.
İ.Qəmbərin çıxışı zamanı başqanlığa keçmiş namizəd Qubad İbadoğlu bir neçə dəfə replika ilə çıxış edib.
“Qurultaya qədər MNTK tərəf olubsa, bu yanaşma ilə yenə tərəf olmalıdır” - deyə Q.İbadoğlu sual ünvanlayıb.
İ. Qəmbər səsini ucaldaraq, “sadəcə, prinsipial olmaq lazımdır, Qubad bəy. “Bu mənim xeyrimədirsə, olmalı, xeyrimə deyilsə, olmamalıdır” deyə bir şey yoxdur”.
Q. İbadoğlu İ. Qəmbərə "Niyə əsəbləşirsiz?" deyib. A. Hacılı isə Q. İbadoğluna yerdən danışmamağı məsləhət görüb.
Hikmət Hacızadə: "Boyuna qamış ölçüm"
Müşavirədəki qalmaqal sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.
Partiyadan istefa verən Hikmət Hacızadənin Müsavatda baş verənlərlə bağlı statusu maraqlı dialoqa yol açıb.
Hikmət Hacızadə bildirib ki, kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş liberalizmlə avtoritarizm arasında gedir.
Müsvat Partiyasının üzvü Mustafa Hacıbəyli buna cavab olaraq deyib ki, Müsavat Liberal İttifaqa üzv qəbul ediləndə Müsavatın bu mövqeyini müdafiə etdiyi üçün işdən çıxarılanda H.Hacızadə susub: "Müsavatın bəzi Divan üzvləri - nə nizamnamə, qurultay keçirmək lazım deyil deyəndə susmuşduz. Vüqar Bayramov siyasi məhbuslar məsələsində hakimiyyətlə eyni mövqe sərgiləyəndə, siyasi məhbusların azadlığını tələb edən təşkilatları ermənipərəst adlandirir - yenə susursuz. Libreralizm belə olur?"
"Mustafa bəy, mən 10 ildir Divana gəlmirəm! Sənin işdən çıxarılmağından xəbərim olmayıb. Olsaydı danışardım, mən susan deyiləm. Primitiv ittihamlarına son qoy! Əgər sən deyəndirsə, onda Vüqar Bayramovun başı batsin. Belə adamları pisləyirəm. Sonra nə sözün var? Səni işdən çıxaran adamların boyuna qamış ölçüm. Onlar birbaşa cəhənnəmə gedəcək. Sonra nə sözün var?" deyə H.Hacızadə cavab verib.
Müsavat Partiyasının digər üzvü Əfqan Muxtarlı H.Hacızadəyə yazıb: "Bəy, görünür, sizin ümumiyyətlə, partiyadan xəbəriniz yoxdur. Sizin oğlunuz və Emin Milli barədə yazılan biabırcı yazıya "Azadlıq" qəzetində münasibət bildirdiyim üçün mən işdən cıxarılmışam. Sözüm onda deyil. Partiyadan xəbəriniz yoxdur, partiyanın işində iştirak etməmisiz, seckilərdə olmamısız. Amma sizin qrup maraqlarınıza zərbə dəyəndə önə cıxırsız. Bəy, son 10 ildə siz kino göstərməklə məşğul olmusuz. Gedin, işinizi görün də. Daha niyə mübarizə aparan adamlar arasında təfirqə yaradırsız?"
H.Hacızadənin ona cavabı belə olub: "Çox sağ ol, Əfqan bəy! Gedirəm işimi görməyə. Səni də işdən çıxaranların boyuna qamış ölçüm. Əgər mən 10 ildir kinodan başqa heç nə ilə məşğul deyildimsə, niyə mənə əhəmiyyət verib yazı yazırsan. Boş ver, bir azdan unudulacam".
"Vicdanı cüzdanına bağlı olanlar"
Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy "vicdanı cüzdanına bağlı olanlara" mesaj göndərib.
"Saxtakarlığa qarşı etiraz etmək nə zamandan xəyanət sayılıb? Xəyanət saxta yolla, mənəviyyatsız üsullarla partiyanı ələ keçirməkdir. Saxtakarlığa göz yummayan insanlara qarşı aqressiv mövqedə dayanmaq xəyanətdən betərdir. Ömrünün 10 ilini, 20 ilini Müsavata qurban verənləri xəyanətdə suçlamaq hansı məntiqə, hansı mənəviyyata sığır. Orta səviyyəli kənd tamadasına biət etməyənlərə nifrət, təbii ki, psixoloji sorundan xəbər verir. Bir silahdaşı, beş silahdaşı xəyanətkar saymaq olar, onlarla, yüzlərlə silahdaşı xəyanətkar elan etməyin adı nə ola bilər? Vicdan gərək cüzdana bağlı olmasın. Yalnız o halda obyektiv fikir izhar etmək mümkündür. Qısası, qurultaydan narazı qalanları xəyanətdə ittiham etmək absurddur. Müsavata xəyanət edənlər yalnız və yalnız saxtakarlardır!".
Ayxan