26 Noyabr 2014 11:55
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası Beynəlxalq İnsan haqları günü ilə bağlı dekabrın 14-nə mitinq təyin edib. Müsavat mitinqini Yasamal rayonu, “Məhsul” stadionunda keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Mitinqdə məhbus siyasilərin və fəalların azad olunma tələbi irəli sürüləcək.

Qeyd edək ki, daha öncə Milli Şura iki dəfə “Məhsul” stadionunda Bakı meriyası ilə razılaşdırılmış mitinq keçirib. Müsavat Partiyası həmin mitinqlərə könüllü qatılsa da, Milli Şura rəhbərliyi tərəfindən laqeyd münasibət göstərilib. Müsavatın keçmiş başqanı İsa Qəmbər, yeni başqan Arif Hacılı və rəhbərlikdə təmsil olunan şəxslər Milli Şuranın mitinqində nəinki tribunaya dəvət olunub, heç qonaqlara “salam” belə verilməyib. Sıravi müsavatçılar isə Milli Şuranın bu “jesti”nə cavab olaraq ayrılıqda mitinq keçirməyi tələb edirdilər.

Müsavat Milli Şuranı tribunaya dəvət edəcəkmi?

Arif Hacılının qardaşı Mustafa Hacıbəyli hələ Müsavatın qurultayı keçirilməzdən əvvəl mitinqin aktuallığını vurğulayırdı. Qardaşının rəqibi Qubad İbadoğludan fərqli olaraq mitinqin mübarizənin tərkib hissəsi olduğunu deyirdi.

Hazırda partiyadakı mitinqlə bağlı müzakirələrdə iştirak etmədiyini deyən M.Hacıbəyli söylədi ki, Müsavatın bütün müxalifət partiyaları ilə bir sıra məsələlərdə yaxın əməkdaşlıq etməsinin tərəfdarıdırlar: “Ümid edirəm ki, digər partiyalar da mitinqin təşkilatçılığında və sanballı alınmasında yaxından iştirak edərlər. Onun tərəfdarıyam ki, bütün təşkilatlar aksiyaya dəvət olunsun və süni baryerlər qoyulmasın. Tribunada söz demək istəyən hər bir vətəndaşa imkan verilməlidir”.


“Belə bir vaxtda mitinqin təyin edilməsi suallar yaradır”

Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzovun fikrincə, Müsavat diqqəti daxili gərginlikdən yayındırmaq üçün mitinqə gedir.

YAP rəsmisi Müsavat daxilindəki vəziyyətə diqqət çəkərək partiyanın parçalanma ərəfəsində olduğunu bildirib: “Belə bir vaxtda mitinqin təyin edilməsi suallar yaradır. Görünür, yeni rəhbərlik yaranmış gərginliyi aradan qaldırmaq, yaxud ən azından diqqəti daxili vəziyyətdən yayındırmaq üçün belə bir addım atır. Mitinq üçün hava şəraitinin də məqbul olmadığını nəzərə alsaq, bu ehtimal təsdiqini tapır. Amma Müsavat öz daxili problemini həll etməyə çalışsa, daha yaxşı olar”.

S.Novruzov Müsavat Partiyasının mitinqinin Milli Şuranın keçirdiyi mitinqlərdən fərqlənməyəcəyini açıqlayıb: “Milli Şura olduqca azsaylı mitinqlər keçirdi. Müsavatın mitinqi də bundan fərqli olmayacaq. Çünki bu partiyanın da sosial bazası olduqca zəifdir. Sadəcə, ətraflarındakı 5-10 nəfər toplaşacaq, tribunaya çıxıb danışacaqlar, sonra da dağılışacaqlar. Belə mitinqin olmağındansa, olmamağı daha yaxşıdır”, - deyə o vurğulayıb.

Cəmil Həsənli hələ düşünür

Milli Şuranın sədri Cəmil Həsənli Müsavatın mitinqi barədə məlumatının olmadığını vurğulayıb. Onun fikrincə, mitinq barədə Milli Şurada müzakirə aparandan sonra münasibət bildirmək mümkündür.

AXCP dəvət gözləyir

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, təmsil olunduğu partiyaya müraciət daxil olmadığından bu barədə hər hansı müzakirə getməyib.

“Mitinqləri oyuncağa çevirmək olmaz”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti Müsavatın müraciətinə cavab verəndən sonra qərarlarını açıqlayacaqlar.

ADP sədri hesab edir ki, mitinqin demokratik prosedur kimi nüfuzdan salınmasının, əhəmiyyətinin azaldılmasının əleyhinədir: “Mitinq elə olmalıdır ki, mitinqin adı gələndə xalq da, iqtidar da müəyyən fikrə gələ bilsin. Mitinqləri oyuncağa çevirməklə, onu ikinci dərəcəli məqsədlərə xidmət etdirməklə ciddi demokratik prosedurun əhəmiyyətini azaldırıq. Demokratik prosedurlara qeyri-ciddi yanaşmaq olmaz”.

“Bir partiyanın təşkil etdiyi mitinqə başqalarının getməsi düzgün deyil”

S.Cəlaloğlu əlavə edib ki, bir partiyanın təşkil etdiyi mitinqə başqa partiya liderlərinin getməsi düzgün deyil: “Dünyada belə təcrübə yoxdur. Bu, Azərbaycanın özəlliklərilə bağlıdır. Eyni zamanda, mitinqə gələn partiya rəhbərlərinin təşkilatçı tərəfindən tribunaya dəvət edilməməsi siyasi etikadan kənardır. Çünki bir insan gəlib sənə ciddi şəkildə dəstək verir, sən də o dəstəyi qiymətləndirməlisən. Müsavat Partiyasının rəhbərliyinin oraya getməsi də, mitinq təşkilatçılarının onları tribunaya dəvət edib söz verməməsi də səhv idi. Partiya üzvləri könüllü şəkildə mitinqə qatılırsa, bu, düzgün hərəkətdir. Liderlər təşkilatın simvoludur, ideologiyanın daşıyıcısıdır. İsa Qəmbər Milli Şuranın mitinqinə 200 nəfərlə getmişdi, liderlərin başqa təşkilatların təşkil etdiyi mitinqdə iştirakı düzgün deyil, yaxın və dəvət olunan partiyalar üzvləri vasitəsilə mitinqə qoşulmalıdır. Əgər hansısa lider siyasi normanı gözləməyib özfəaliyyət şəklində belə tədbirə qatılırsa, onda mitinqi təşkil edənlər ən azı siyasi etika baxımından onlara diqqət eləməlidirlər”.


NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər