27 Aprel 2022 12:37
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayon Bəhmətli kənd bələdiyyə sədrinin qanunsuz əməllərinə dair rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə Teleqraf.com-a Zaqatala rayon Prokurorluğundan bildirilib.

Bələdiyyə sədri Həsrət Musayevin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən istifadə edib, bələdiyyə üzvlərinin adından saxta protokollar tərtib, ayrı-ayrı şəxslərə bələdiyyə mülkiyyətində olan torpaqları satması və ya icarəyə verməsi barədə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Bəhmətli bələdiyyəsinin mühasibi Pərinaz Məmmədlinin Həsrət Musayevin qanunsuz əməllərinin ifşa olunmasının qarşısını almaq məqsədi ilə rəsmi sənəd hesab olunan məxaric xəzinə orderini tərtib edib, imza etməklə sənədlərə bilə-bilə yalan məlumatları daxil edib, vəzifə saxtakarlığı etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Toplanmış sübutlar əsasında Həsrət Musayev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, Pərinaz Məmmədli isə 313-cü maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov