Füzuli rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində aprel-may aylarında rayon ərazisindəki müxtəlif mağazalardan oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Füzuli rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Füzuli rayon sakinləri - Ülvü Ələkbərov, əvvəllər məhkum olunmuşlar Zamin Həsənov və Ruslan Hüseynov saxlanılıblar.
Araşdırmalarla onların qrup halında rayon ərazisindəki mağazalara daxil olaraq nəğd pul və müxtəlif əşyalar oğurlamaqla vətəndaşlara 14 min manatdan artıq ziyan vurduğu müəyyən edilib.
Faktlarla bağlı Füzuli rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
Adıçəkilən şəxslərin digər cinayətlərdə də iştirakının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.