Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının son bir neçə gün ərzində keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Onlardan ümumilikdə 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Kənan Ağayev saxlanılıb.
Keçirilən baxış zamanı ondan 3 kiloqram 800 qrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.
Bundan əlavə, Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə daha 6 nəfər saxlanılıb.
Onlardan ümumilikdə 250 qramdan artıq heroin aşkarlanıb.
Faktlarla bağlı Biləsuvar rayon polis şöbəsində cinayət işləri başlanılıb.
Araşdırmalar davam etdirilir.
Həmin şəxslərdən 4-ü barəsində məhkəmə tərəfindən həbs, 3-ü barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.