Şəmkir sakinlərindən yarım milyon dollarlıq narkotik götürülüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Şəmkir rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri - Elşad İbrahimov və Nurəddin Hüseynov rayon ərazisində gizlədilən narkotik vasitəni 12 000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin Gürcüstanla sərhəd rayonlarına aparmağa razılaşıblar.
Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilən zaman əllərindəki qara rəngli çantadan qara bazarda təqribi qiyməti yarım milyon ABŞ dollarına yaxın olan 8 kq 122 qram heroin, 2 kq 297 qram tiryək, 111 qram psixotrop maddə olan metamfetamin və 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
İstintaq-əməliyyat tədbirləri nəticəsində E.İbrahimovun daha əvvəllər də İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək kiçik həcmdə narkotik transferi etməsi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.