“5 milyon seçici var, siz nədən danışırsınız?”
Musavat Pariyasınin mitinqinə Respublikaçı Alternativ Hərəkatı (REAL) da reaksiya verib. Ancaq REAL AXCP-dən fərqli olaraq Müsavatı ittiham etməyib. REAL-ın icraçı katibi Natiq Cəfərli qeyd edib ki, mitinq keçirmək, etiraz etmək konstitutsiya haqqıdır, normal addımdır: “Mitinqdən sonra musavatçılar iştirak edənlərin sayının azlığı ilə bağlı kompleksə girdilər, izah etməyə çalışdılar, səbəbləri sadaladılar. Cəbhəçilər isə sevincək oldular, sayın azlığını Musavatın zəifliyi, özlərinin güclülüyü kimi qələmə verdilər, ölkədə əsl müxalifətin onlar olduğunu sübut etməyə başladılar, hətta iş təhqirlərə, aşağılamalara qədər gedib çıxdı. Ürək ağrıdan bir mənzərədir. Amma, illərdir özləri qurduqları oyunun, özləri gətirdikləri meyarların, yanaşmanın qurbanı oldular, bunu biri onlara deməlidir. Musavatın mitinqinə 500, AXCP-nın mitinqinə 2000 insan gəlirsə, bu cəbhənin gücünü, Musavatın zəifliyinimi göstərir? Doslar, ölkədə 9 milyon əhali, 5 milyon seçici var, sizlər nədən danışırsınız?”
Natiq Cəfərli qeyd edib ki, hər iki partiya illərdir mitinqdə iştirakçı sayının güc nümayişi, mitinqlərin isə məqsəd olmasının altını-acısını çəkirlər: “Mitinq, nümayiş, aksiya məqsəd ola bilməz, bunlar məqsədə çatmaq üçün çoxsaylı vasitələrdən biri ola bilər. Hər iki partiya lideri, yönətimləri məhz özlərinin yaratdığı tələyə düşdülər, bununla da mitinqlərin gündəliyi, qaldırılan tələblər deyil, ancaq iştirakçı sayı önəm qazandı. YAP da bundan çox gözəl istifadə etdi, edir və edəcək də, hər mitinqdən sonra Siyavuş Novruzov çıxır, sayla bağlı açıqlama verir, partiyalar buna cavab verir, əsas müzakirə mövzusu say olur, bununla da, aksiyaların əsil məramı ortalıqda itib-batır. Hər iki partiya, təəssüf ki, illərdir ayaqların mobilizasiyası ilə məşğul olmağa çalışırlar, ayaq toplamaq istəyirlər, halbuki, siyasi təşkilatların məqsədi ürək qazanmaq, beyin toplamaq, ümid vermək, inam yaratmaq olmalıdır. İllərdir tam əksini gördük: ümidlər tükəndi, inam azaldı, beyinlər proseslərə qatılmadı. Siyasi təşkilatlar anlamalıdırlar ki, ölkədə milyonlar var, amma, onlar proseslərə qatılmırlar, bunun səbəbi isə çoxdur, günah xalqada, millətdə, vətəndaşlarda deyil. Yoxsa, “bunlar pisdir, biz gələcəyik, yaxşı olacaq”, “Musavat gələcək – zülm bitəcək”, “Əli bəy – Əli bəy – Əli bəy – Əli bəy” kimi şüarlarla ürək, beyin, ayaq qazanmaq istəyirlər?”
Natiq Cəfərli vurğulayıb ki, əslində çox şey yaza bilərdi: “Hətta, mənə indi nə cavab yazacaqlarını da bilirəm, “REAL 5-10 nəfərin təşkilatıdır”, “Siz kimsiniz ki, bizə ağıl verirsiniz”, “İntellektual klubsunuz”, “Siz mitinqə heç 100 nəfər də çıxarda bilməzsiniz”, bu bəsit və axmaq arqumentləri səsləndirənlər olacaqsa, heç yazmasınlar, özüm-özümü, elə bilin ki, bu sözlərlə tənqid etdim, siz sakitləşin, düşünün. Yuxarıda da dediyim kimi, bunu biri sizə deməlidir, Düşünün, baxışlarınızı, yanaşmanızı dəyişin, yoxsa, marginallaşırsınız, ümidün, inamın son işartılarının üzərinə tüpürüb söndürürsünüz”.
Cavidan