20 Dekabr 2014 16:39
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abil Bayramov: “Dəyişiklikdən sonra bələdiyyələrə məqsədli transferlərin verilməsi mümkün olacaq”

Vüqar Tofiqli: “Qarabağ məsələsi həllini tapdıqdan sonra bələdiyyələrin müəyyən problemləri aradan qalxacaq”

Dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Ancaq bu yerli özünüidarəetmə orqanları yaradıldığı gündən indiyədək öz problemləri ilə daha çox diqqəti cəlb ediblər. Başqa ölkələrin təcrübəsinə baxsaq, görərik ki, həmin ölkələrdə bələdiyyələr ictimaiyyətdə daha aktiv rol oynayır.

Bəs, bunun səbəbləri nədir?

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirib ki, bələdiyyələrin bir institut olaraq qarşılaşdığı ilk problemlər Qarabağ münaqişəsidir. Onun sözlərinə görə, işğal olunan 9 rayonun ərazisində heç bir bələdiyyə fəaliyyət göstərmir: “Respublikanın 20 faizində bələdiyyələrin fəaliyyət göstərməməsi bu təsisatın formalaşması üçün ciddi maneə yaradır. Yəni, işğal altında olan ərazilərdə faktiki olaraq bələdiyyələr fəaliyyət göstərmir və yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilmir. Bələdiyyə elə bir qurumdur ki, konkret məsələləri yerlərdə həyata keçirir. Bu mənada Qarabağ məsələsi həllini tapdıqdan sonra bələdiyyələrin müəyyən problemləri aradan qalxacaq, yəni bu sistem tam şəkildə fəaliyyət göstərəcək”.

V.Tofiqli bildirib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərindən sonra bir çox məsələlərə aydınlıq gələcək: “Çünki cari ildə bələdiyyə sisteminin inkişafı ilə bağlı Prezident İlham Əliyevin imzaladığı bir neçə sərəncamla müəyyən problemlər öz həllini tapdı. Misal üçün, əmlak vergisinin toplanması ilə bağlı uzun illər idi ki, problemlər vardı. Əmlak vergisi əsas maliyyə tutumu olsa da, vergi yığımında 3-cü və ya 4-cü yeri tutur. Çünki əmlakın hesablanmasında problemlər vardı və bu da öz həllini tapdı. O cümlədən məhəllədaxili yolların bələdiyyə sisteminə daxil edilməsi və digər məsələlər dövlət başçısının müvafiq sərəncamları ilə həll edildi. Bu sahədə atılan addımlar ondan xəbər verir ki, seçkilərdən sonra bələdiyyələrin inkişafında müəyyən irəliləyiş ola biləcək”.

“Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının koordinatoru Abil Bayramov bildirdi ki, Azərbaycanda bələdiyyələrin ən əsas problemi səlahiyyətlərinin və maliyyə imkanlarının məhdudluğu ilə bağlıdır. Onun sözlərinə görə, bu baxımdan bələdiyyələr vətəndaşların gözləntilərini doğrulda bilmir: “Yəni, kifayət qədər maliyyə olmadığına görə bələdiyyələr vətəndaşlara keyfiyyətli ictimai xidmətlər göstərmək imkanına malik deyillər. 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərindən sonra bu problemlərin qismən həll olunması gözləniləndir. Çünki bir sıra qanunvericilik aktlarında dəyişikliklər nəzərdə tutulub. Hansılar ki, bələdiyyələrin maliyyə imkanlarının artırılmasına xidmət edəcək. Məsələn, fiziki şəxslərdən əmlak vergisinin hesablanması ilə bağlı dəyişiklik olacaq. Hazırkı qanunvericiliyə görə, bələdiyyələr fiziki şəxslərdən əmlak vergisini invertar dəyərinə görə hesablayırlar. Lakin mövcud dəyişiklikdə nəzərdə tutulur ki, bu vergi əmlakın sahəsinə görə hesablansın. Bu, çox sadə və daha uyğun mexanizmdir. Belə bir mexanizm tətbiq olunandan sonra bu mənbədən bələdiyyələrin faydalanma imkanları genişlənəcək. Bundan əlavə, əsas dəyişikliklər ondan ibarətdir ki, indiyədək Azərbaycanda bələdiyyələr dövlət büdcəsindən məqsədli transferlər almayıblar, yalnız dotasiyalar alıblar. Nəzərdə tutulan dəyişikliyə görə, bələdiyyələrə məqsədli transferlərin verilməsi mümkün olacaq. Şübhəsiz ki, bu, bəzi bələdiyyələr tərəfindən müəyyən layihələrin təqdim edilməsi ilə bağlı olacaq. Hesab edirəm ki, bu dəyişiklik də qəbul olunandan sonra bələdiyyələrin maliyyə imkanlarında müəyyən artımlar baş verəcək və xidmətlərin keyfiyyəti bir qədər artacaq”.

A.Bayramov qeyd edib ki, bələdiyyələrin kadr potensialı ilə bağlı problemlər də var: “Bələdiyyələrin maliyyə azlığı onlara keyfiyyətli kadr potensialı saxlamağa imkan vermir. Yəni, qeyd edilən problemlər kompleks şəkildə həll olunarsa, bələdiyyə sisteminə maraq da arta, vətəndaşlar da yerli özünüidarədə daha fəal iştirak edə bilər. Hazırda bələdiyyə seçkilərində fəallığın azlığı da bu amillərlə bağlıdır. Seçkiyə marağın az olmasının digər bir səbəbi isə siyasi partiyaların bələdiyyə seçkilərinə kifayət qədər önəm verməməsi ilə bağlıdır. Parlament, prezident seçkilərində seçici fəallığı, təbliğat kampaniyaları fərqli xarakter daşıyır. Amma yerli seçkilərə siyasi partiyalar tərəfindən əhəmiyyət verilmədiyinə görə, fəallıq hiss olunmur”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər