Azərbaycanda bələdiyyə seçkiləri başa çatıb.
Trend xəbər verir ki, saat 17:00-a olan məlumata görə, bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 36.38 faiz təşkil edib. Saat 17:00-a qədər 4 819 382 seçicidən 1 753 394 nəfəri səs verib.
MSK-nın "qaynar xətt"inə, poçt ünvanına və "facebook" səhifəsinə 115-ə yaxın müraciət daxil olub və bunlar da müxtəlif informasiyaların alınması ilə bağlı olub və həmin müraciətlər operativ şəkildə cavablandırılıb. İndiyə qədər hər hansı şikayət daxil olmayıb.
Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir.
Seçkilər 118 dairə üzrə keçirilir. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilmir.
Səsvermə 5015 məntəqədə həyata keçirilib. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.
Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb. Bunlar Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat İslahatları Partiyası və Böyük Quruluş Partiyasıdır.
Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən, 109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.