Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyysi ilə məşğul olan dəstə üzvləri saxlanılıblar.
Teleqraf.com xəbər verir ki, əməliyyat nəticəsində Elnur Əsədov və onun başçılıq etdiyi dəstənin daha 7 üzvü tutularaq istintaqa təqdim edilib.
Araşdırmalar zamanı Elnur Əsədovun sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşının göstərişi ilə paytaxt ərazisində narkokuryerliklə məşğul olan dəstə yaratdığı müəyyən olunub.
Əməliyyat-texniki tədbirlər nəticəsində Elnur Əsədovun İran vətəndaşı ilə narkotik vasitələrin alqı-satqısı nəticəsində yaranan əlaqələri sübuta yetirilib.
Həmin şəxsin evinə və avtomobilinə baxış zamanı 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.
Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşlarının həyata keçiridkləri digər əməliyyatlar zamanı isə Binə və ətraf ərazilərdə 5 evdən, mağazadan, həmçinin Hövsan qəsəbəsində 9 avtomobildən oğurluq edən İlqar Zamanov və Fuad Qasımov da saxlanılıblar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, 3-cü polis şöbəsinin əməkdaşlarının ilin əvvəlindən həyata keçiridikləri əməliyyatlar zamanı Binə və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 26 nəfər tutularaq istintaqa təqdim edilib.