Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən hadisələr və cinayət faktları barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, martın 28-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 146, o cümlədən borclu şəxs qismində axtarışda olan 133 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 48, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Bundan başqa, polis əməkdaşlarının martın 28-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 8,6 kiloqrama yaxın heroin, 5,1 kiloqramdan çox marixuana, 70 qramdan çox metamfetamin və 52 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.