7 Yanvar 2015 14:07
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasında böyük nüfuz sahibi olan Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması məsələsi ciddiləşir.

Qubad İbadoğlunun əsas tərəfdarı V.Əyyubun Məclisdən xaric olunması təklifi partiya başqanı Arif Hacılı tərəfindən irəli sürülsə də, təklifin səsə qoyulması ertələnmişdi.

Məsələ yenidən gündəmə gəlib və V.Əyyubun Məclisdən çıxarılması labüd hala çevrilib.

Ötən gün Müsavatın təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı deyib ki, Vurğun Əyyub partiya qurumlarını legitim saymadığı və özünü Məclis üzvü hesab etmədiyi üçün onun Məclis üzvləri siyahısından çıxarılmasının tərəfdarıdırlar: “O, özünü Məclis üzvü kimi görmürsə, qalmağının bir əhəmiyyəti yoxdur. Vurğun Əyyuba dəfələrlə rəsmi şəkildə Məclisin iclaslarında iştirakla bağlı müraciət etmişik, o isə bundan imtina edib. Yəqin Məclisin növbəti iclasında bu məsələyə yenidən baxıla bilər”.

Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı Məclisdə iştirak etməyənlərlə bağlı qərarın qəbul oluna biləcəyini təsdiqləyib: “Məclisin sonuncu toplantısında Arif Hacılı Həmrəylik günü ilə əlaqədar bu məsələni gündəmə salmadı. Lakin Vurğun Əyyub özünün Müsavat Məclisinin üzvü olmadığını bəyan edir, həmçinin, iclaslarda iştirak etmir. Məclisin növbəti toplantısı mart ayında keçiriləcək. Ona qədər bu məsələ gündəmdə deyil. Lakin Məclisin reqlamenti var və iştirak etməyənlərlə bağlı qərar qəbul oluna bilər”.

Xatırladaq ki, Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması məsələsi dekabrın 27-də Müsavat Məclisinin toplantısında qaldırılmışdı. Başqan Arif Hacılı demişdi ki, Vurğun Əyyub 3 ay ərzində sistemli olaraq özünü Müsavat Məclisinin üzvü saymadığını vurğulayıb: “Bir gün əvvəl də onu Məclisin iclasına dəvət etmişik. Ancaq o, Məclisə gəlməyəcəyini və özünü Məclis üzvü hesab etmədiyini deyib. Bu barədə ardıcıl açıqlamalar verir. Hesab edirəm ki, Məclis üzvü olmadığını bəyan etməsini nəzərə alaraq, onun Məclis üzvlüyündən çıxarılması haqqında qərar verməliyik”.

Məclis üzvü Sabir Məmmədli isə buna etiraz etmişdi: “Mən bu bolşevik metodunun əleyhinəyəm. Bu gün zal boşalır. Çünki özünü dahi elan edənlər adicə prosedur qaydalarını düzgün yerinə yetirmirlər”.

Vurğun Əyyub isə bu məsələyə özünəməxsus formada yanaşır: “Mən özümü Məclis üzvü hesab etmirəm. Necə ola bilər ki, mənim çıxarılma məsələm qaldırılsın? Əgər mənim Məclisdən çıxarılmam barədə qərar olarsa, bu, çox gülməli olar. Məclisi də, özümün Məclis üzvülüyümü də legitim hesab etmirəm. Olmadığım bir yerdən məni çıxarmaq çox gülməlidir. Haqqımda deyilənlər, yazılanlar məni maraqlandırmır”.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər