29 Avqust 2023 11:43
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz avtomobil idxalı müqabilində külli miqdarda rüşvət alan vəzifəli şəxs ifşa olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin birgə məlumatında qeyd olunub.

Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eksperti vəzifəsində işləyən Aslan Bayramovun qanunsuz əməlləri barədə həmin Komitədən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirlərilə Aslan Bayramovun qeyd edilən vəzifədə işləyərkən ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 13 min 500 manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Aslan Bayramov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər