Tibb müəssisəsinin şöbə müdiri barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Salyan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Vərəm şöbəsinin müdiri Xanış Abbasovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaq zamanı Xanış Abbasovun vəzifə səlahiyyətlərindən sui-istifadə edib aldığı rüşvət müqabilində saxtakarlığa yol verərək şəxsin xəstəxanada guya stasionar qaydada müalicə almasına dair xəstəlik tarixindən çıxarış təqdim etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Xanış Abbasov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək yaşı və səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.