Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbulda erməni dilində nəşr olunan “Aqos” qəzetinin baş redaktoru Hrant Dinkin öldürülməsinin 8-ci ildönümü ilə əlaqədar açıqlama verib. Ə.Davudoğlu H.Dinki həm erməni kökənindən, həm də Türkiyəyə bağlılığından vaz keçmədən türklər və ermənilərin ortaq gələcəklərini inşa etməyin yollarını arayan dəyərli bir Anadolu ziyalısı adlandırıb.
Ə.Davudoğlu türk-erməni dostluğuna inanan hər kəsi yeni bir başlanğıca dəvət edib və bütün ermənilərə səslənib: “Qarşılıqlı etimad və əməkdaşlıq anlayışını inkişaf etdirmək, 800 illik ortaq tariximizin işığında bir-birimizi yenidən tanımaq, insani əlaqələr qurmaq vacibdir. Bu anlayışla erməni dostlarımızı Türkiyəni daha çox ziyarət edərək qarşılıqlı etimadsızlığı aradan qaldırmağa dəvət edirik”.
Qeyd edək ki, açıqlama erməni dili də daxil olmaqla, 8 dildə yayılıb.
Bəs, Türkiyə baş nazirinin dünya ermənilərinə müraciəti effekt verəcəkmi?
Bu istiqamətdə suallarımızı cavablandıran politoloq Qabil Hüseynli bildirib ki, R.T. Ərdoğan Türkiyənin baş naziri olarkən - 2014-cü ildə ermənilərə barışdırıcı müraciət etmişdi. Onun sözlərinə görə, indi də Davudoğlu həmin ənənəni davam etdirir və erməniləri barışığa çağırır: “Davudoğlu Hrant Dinkin öldürülməsinin 8-ci ildönümü tədbirində bunu aktuallaşdırmağa çalışıb. İnanmıram ki, Davudoğlunun bu müraciətinin hər hansı nəticələri olsun. Əvvəla, Davudoğlu vaxtı münasib seçməyib. Yəni, Hrant Dinkin qətlinin 8-ci ildönümündə bu müraciətin bir nəticəsinin olacağını güman etmirəm. Çünki ermənilər Hrant Dinkinin qətlinin istintaqının düzgün aparılmadığı və günahkarların heç də hamısının məsuliyyətə cəlb edilmədiyi qənaətində qalırlar. Halbuki, hər şey yerinə qoyulub və qətldə iştirak edən bütün şəxslər cəzalarına çatıblar”.
Ermənilərlə barış məsələsinə gəldikdə isə, Q.Hüseynli deyib ki, bu yolda çox böyük əngəllər var: “Ermənilər yenə də qondarma soyqırımın yüz illiyinə hazırlaşmağa davam edirlər. Onların fikrincə, daha çox Avropa ölkəsi qondarma soyqırımı tanısa, bundan istifadə edərək Türkiyə qarşısında daha ciddi tələblər qoya bilərlər. Söhbət Türkiyədən böyük təzminatın alınmasından gedir. Ermənilər bu işin baş tutacağına inanır və bu istiqamətdə işləyirlər. Bir sözlə, ermənilər Azərbaycana olduğu kimi, Türkiyəyə qarşı da çox amansız və qəddar fikirlərlə yaşamaqda davam edirlər”.
Səxavət HƏMİD