Fövqəladə Hallar Nazirliyi Bakıda oteldə baş verən yanğın barədə məlumat yayıb.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən Mont Inn Hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 5250 kv.m. olan altımərtəbəli otelin 3-cü mərtəbəsində yerləşən otaqlardan birində baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək otel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın üçüncü mərtəbəsində bir otağın yanar konstruksiyaları 42 kv.m. sahədə yanıb. Hadisə zamanı FHN qüvvələri tərəfindən oteldə olan 25 nəfər təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib.
***
08:13
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki MONT INN otelində yanğın olması barədə ilkin məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Əlavə məlumat veriləcək.