Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz yollarla ölkə ərazisində göndərilən külli miqdarda narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, tədbirlər nəticəsində Lənkəran şəhər sakini İslam Məmmədov saxlanılıb.
Ondan 10 kiloqram marixuana və 150 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxs İran vətəndaşı tərəfindən maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduğunu bildirib. İ.Məmmədovun əvvəllər də dəfələrlə narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə İ.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Son 1 ay ərzində isə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.