20 Mart 2015 20:12
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Cəfərli: “Ənənəvi müxalifət yeni qüvvələrin arenaya çıxmasını istəmir”

“REAL-da seçkilərlə bağlı intensiv iş gedir. Bu proses mayın sonlarına qədər yekunlaşacaq. Namizədlərimizin ilkin siyahısı var. Hansı namizədin hansı dairədə daha çox şanslı ola biləcəyi bir daha dəqiqləşdirilir. Artıq 15 namizədin hansı dairədən seçkiyə gedəcəyi müəyyənləşib. Təqribən 20 dairə üzərində də iş gedir”.

Bunu Respublikaçı Alternativ Hərəkatının icra katibi Natiq Cəfərli deyib. O, özünün 12 saylı Qaradağ-Yasamal-Binəqədi seçki dairəsindən namizəd olacağını da vurğulayıb.

Natiq Cəfərli əlavə edib ki, indilikdə müəyyən çevrələrlə görüşlər keçirir, ilkin müzakirələr aparırlar: “Ancaq REAL-ın seçkilərə blok şəklində getmək niyyəti yoxdur. Azərbaycanda seçki blokları ilə bağlı çox pis ənənə formalaşıb. Bu, bizim günahımız deyil, çünki bu günə qədər REAL nə siyasi, nə də seçki blokunda iştirak etməyib. Amma formalaşan blokların daha tez dağılması, burada təmsil olunanların bir-birini suçlaması faktları insanlarda bloklara qarşı etimadsızlıq yaradıb”.

REAL nümayəndəsi AXCP və Milli Şura rəhbərliyinin Azərbaycanda onlardan savayı real müxalifət mövqeyində duran təşkilatların olmadığı haqqında bəyanatlarını da qeyri-ciddi adlandırıb: “Bu bəyanatı verənlərin hansı ölçü cihazları var ki, bunu ölçüb bəyanatlarını verirlər. Fikrimcə, bu kimi açıqlamalar onların piarına hesablanıb. Siyasi qüvvələrin gücünü seçkilər göstərir. Çox təəssüflər ki, son 20 ildə siyasi partiyaların gücü küçələrlə ölçülüb. Kim küçəyə nə qədər adam çıxarırsa, deməli, o da güclüdür. Əslində, bu, bəsit yanaşmadır. Əgər, biz Müsavat və AXCP-nin taktikasından istifadə etsəydik, hər gün qışqır-bağır salaraq özümüz üçün yaxşı piar kampaniyası aparardıq. Ancaq biz bunu etmirik. Əksinə, biz siyasi kimliyimizi kollektiv ağıl və hansı dəyişikliklərin ölkəyə nə xeyir gətirə biləcəyi üzərində qurmuşuq. Təəssüflər olsun ki, bəzi siyasi təşkilatlar fəaliyyətlərini ancaq isimlərin dəyişməsi üzərində qurub. Onların bu cür açıqlamları bizim fəaliyyətimizə təsir etmir. Ənənəvi müxalifət də maraqlıdır ki, yeni qüvvələr arenaya çıxmasın”.

CAVİDAN


Müəllif: