2 Aprel 2015 10:49
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevinc Fətəliyeva: “Həmsədrlər vəziyyəti müzakirə etməklə kifayətlənməli deyillər”

Martın 31-də Vyanada ATƏT-in Minsk qrupu üzvləri ilə həmsədrlər arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar baş tutub. Bu barədə amerikalı həmsədr Ceyms Uorlik özünün “Tvitter” səhifəsində yazıb. “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbirlər və növbəti addımlarla bağlı Vyanada ATƏT-in Minsk qrupu nümayəndələri ilə faydalı danışıqlar apardıq”, - deyə C.Uorlik bildirib.

Günün əvvəlində isə C.Uorlik “Tvitter” hesabında ATƏT-in Minsk qrupunun həmsədrləri Vyanada hesabat təqdim edəcəklərini yazmışdı. “Bu gün ATƏT-in Minsk qrupu həmsədrləri ATƏT-in Minsk qrupuna artan zorakılıq halları və vasitəçilik səyləri barədə hesabat təqdim edəcək. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini prioritetə çevirməliyik”, - deyə həmsədr qeyd etmişdi.
Keçirilən görüşə münasibət bildirən YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva həmsədrlərin münaqişə ilə bağlı vəziyyəti müzakirə etməklə kifayətlənməli olmadıqlarını bildirib. S.Fətəliyeva deyib: “Vyanada ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsini müzakirə etməsi normal haldır. Bu, onların vasitəçi olaraq bir vəzifəsidir. Amma həmsədrlər münaqişə ilə bağlı vəziyyəti müzakirə etməklə kifayətlənməli deyillər”.

S.Fətəliyeva bildirib ki, həmsədrlər münaqişənin həlli ilə bağlı obyektiv münasibət ortaya qoymalıdırlar. Onun sözlərinə görə, problem beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır.

“Görünən odur ki, cəbhə xəttində son zamanlar yaranmış gərginlik həmsədrləri narahat edir. Həmsədrlər də yaxşı bilirlər ki, münaqişənin həll edilməməsinin əsas səbəbi Azərbaycan torpaqlarını Ermənistan tərəfindən işğal olunmasıdır. Ona görə də, onlar ilk növbədə erməni tərəfinə torpaqlarımızın azad olunması və dinc insanların öz yurdlarına qayıtmalarının təmin olunması haqda çağırışlar etməlidir. Amma ümumiləşmiş bəyanatlar səsləndirməklə, atəşkəsin bərpa olunması çağırışlarını etməklə münaqişə həll olunmayacaq. Əgər işğalçı erməni hərbi birləşmələri torpaqlarımızdan çıxarılarsa, onda atəşkəsin pozulmasına da ehtiyac qalmayacaq”, - deyə S.Fətəliyeva qeyd edib.

SƏXAVƏT


Müəllif:

Oxşar xəbərlər