3 Aprel 2015 12:13
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağda hazırlanan terrorçular sonradan Avropaya göndərilir”

Serbiyanın paytaxtı Belqradda davam edən NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarı dünən də öz işini davam etdirib. Seminarda Azərbaycan nümayəndə heyətinin tərkibində Yeni

Azərbaycan Partiyası icra katibinin müavini, deputatı Siyavuş Novruzov və Rauf Əliyev təmsil olunub.
Seminarda muzdluların müxtəlif ölkələrdə vuruşması ilə əlaqədar məsələ müzakirə olunub.

Mövzu ətrafında çıxış edən Siyavuş Novruzov bildirib ki, bu məsələnin kökü araşdırılmalıdır: “Biz istəsək də, istəməsək də dünyada həmişə muzdlular olub və onlar münaqişə ocaqlarında, bu müharibələrdə iştirak etmək üçün cəlb olunublar”.

Siyavuş Novruzov qeyd edib ki, bəzi adamlar bunu dini və digər ideologiya ilə əlaqələndirməyə çalışırlar: “Burada əsas rol oynayan pul və o insanların psixoloji durumudur. İkinci əsas səbəb isə münaqişə ocaqlarının, nəzarətsiz ərazilərdə baş verən konfiliktlərin həll olunmamasıdır. Harada münaqişə baş verirsə, muzdlular həmin münaqişədə dərhal iştirak edirlər”.

S.Novruzov seminar iştirakçılarının diqqətinə çatdırıb ki, niyə Suriya, İraq, Ukraynanın adı çəkilir, amma Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin adı çəkilmir: “Bu gün Ermənistanın çox böyük ”praktika"sı var ki, onlar ayrı-ayrı ölkələrdən - Suriya, Livan və s. yerlərdən ASALA təşkilatı vasitəsilə muzdlular tapıb gətirir. Beləcə, işğalçı ölkə öz ərazilərində bu muzdluların iştirakını təmin edir. Ona görə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bu məsələnin kökünün həll edilməsi mümkün deyil. Ümumilikdə Suriya və İraqda gedən müharibələrdə iştirak edən terrorçuların sıralarında xaricdən, başqa-başqa dövlətlərdən gələn 16 mindən artıq muzdlu fəaliyyət göstərir. Onun da 4 mini Avropa İttifaqı ölkələrinin ərazisindən cəlb olunub. Əgər biz İŞİD-in tərkibinə baxsaq, orada nə dini, nə də ideoloji məsələnin olmadığını görərik. Çünki İŞİD-in tərkibində döyüşən 40 minlik terrorçunun 50 faizindən yuxarısı qeyri-müsəlmanlardır. Yəni onlar xristianlar, başqa-başqa dinlərə mənsub olanlardır. Bu, sadəcə olaraq, xüsusi yaradılmış bir qurumdur ki, həmin qurum da ayrı-ayrı ölkələr tərəfindən Qərb və müxtəlif dövlətlərə təzyiq göstərməyə hesablanıb".

Siyavuş Novruzov Ermənistan nümayəndəsinin qondarma erməni “soyqırımı” ilə bağlı çıxışına belə cavab verdiyini bildirib: “XX əsrin sonunda Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımı xalqların gözünün önündədir. Hətta bütün dünya bu haqda məlumatlıdır. Bir çox ölkələr artıq Xocalı soyqırımını qəbul edib. Əgər biz işğalçını barmağımızla göstərməsək, onun törətdiyi cinayətləri qeyd etməsək, gələcəkdə bu cür hallar çox olacaq. Bu baxımdan da təklif edirəm ki, birinci növbədə xəstəliyin özünü müalicə etmək lazımdır, əksinə onun törətdiyi səbəbləri deyil”.

Siyavuş Novruzov bildirib ki, hər bir işğalçı öz adı ilə deyilməli və işğal altında olan ərazilər azad olunmalıdır: “Çünki ora nəzarətsiz ərazilərdir. Dağlıq Qarabağ və ona bitişik olan 7 rayonda qanunsuz silahlar toplanılıb. Bu da nəticədə terrorçu qrupların hazırlanması üçün bir baza rolunu oynayır. Bununla belə orada narkotik maddələrin dövriyyəsi həyata keçirilir. Çünki o ərazilərə heç kim nəzarət etmir. Orada hazırlanan terrorçular, əsgərlər də Avropanın ayrı-ayrı ölkələrinə yayılır. Bu, tək bizim deyil, bütövlükdə Avropanın problemidir. Bu baxımdan da nəzarətsiz ərazilərin aradan qaldırılması, münaqişələrin ədalətli şəkildə həll olunması sözügedən problemin həllinə gətirib çıxara bilər. Məsələn, vaxtilə Çeçenistana bütün dünyanın hər yerindən terrorçular, muzdlu əsgərlər toplaşırdı. Konfilikt həll olunan kimi artıq orada muzdlulardan və yaxud ayrı-ayrı ölkələrdən gələn adamlardan istifadə olunmur. Ona görə də münaqişə ocağları həll olunmasa, bu problemin kökü kəsilməyəcək”.

CAVİDAN


Müəllif: