İranın nüvə proqramı üzrə martın 26-dan İsveçrənin Lozanna şəhərində start götürən və aprelin 2-də başa çatan, ümumilikdə rəsmi Tehranla “altılıq” ölkələri (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında 10 ilə yaxındır davam edən nüvə proqramı üzrə danışıqlarda razılıq əldə olunub.
Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.
Razılaşmanın əsas bəndlərinə gəldikdə isə tərəflər İranın nüvə ehtiyatının mühüm hissəsinin ölkə ərazisindən kənara çıxarılmasına dair razılıq əldə ediblər. Bununla belə, İranda nüvə obyektlərinin heç birisi sökülməyəcək. Uranın zənginləşdirilməsi ilə yalnız Nətanz şəhərindəki zavod məşğul olacaq. Müəssisə 3,76 faizədək zənginləşdirilmiş uranı yalnız mülki məqsədlər üçün istehsal edəcək. Fordo şəhərindəki müəssisə isə elmi-tədqiqat nüvə fizikası mərkəzinə çevriləcək. MAQATE (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) İranın nüvə proqramının sülh xarakterli olmasını izləyəcək. Təşkilatın ekspertləri İranın nüvə obyektlərinə 20 il ərzində baxış keçirə biləcəklər.
İyunun sonuna planlaşdırılan hərtərəfli sazişin bağlanmasından sonra isə ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının İrana tətbiq etdiyi sanksiyalar tədricən aradan qaldırılacaq.
Obama razılaşmanı ABŞ-SSRİ sazişləri ilə müqayisə etdi
ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı əldə edilən razılaşmanı ABŞ və keçmiş Sovet İttifaqı arasında bağlanan sazişlərlə müqayisə edib. Bu barədə “RİA Novosti” xəbər verib. “O zamanlardakı sazişlər ideal olmasa da, onların mövcudluğu dünyanı təhlükəsiz etmişdi. İranla bağlanan saziş də həmin məqsədə xidmət edir”,-deyə Obama bildirib.
Rusiya XİN: “Razılaşma regionda təhlükəsizliyə müsbət təsir göstərəcək”
“Lozannada İranın nüvə proqramına dair əldə edilən razılaşmalar regionda təhlükəsizliyə müsbət təsir göstərəcək”. Bu fikirlər də Rusiya xarici işlər nazirliyinin bəyanatında öz əksini tapıb. “Şübhəsiz ki, əldə edilən razılaşmalar Yaxın Şərq regionunda təhlükəsizlik sahəsində ümumi vəziyyətə müsbət təsir göstərəcək. Bununla belə, İran regionda bir sıra problem və münaqişələrin nizamlanmasında daha fəal iştirak edə biləcək. Lozanna razılaşmaları bir daha sübut etdi ki, siyasi-diplomatik yolla ən mürəkkəb məsələləri həll etmək mümkündür”,-bəyanatda deyilir.
Rəsmi Bakı alqışladı
Azərbaycan Xarici İşlər Nazirliyi də İranın nüvə proqramına dair danışıqlarda əldə olunan razılığa münasibət bildirib. Azərbaycan XİN-in bəyanatında deyilir: “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi P5+1, Avropa İtifaqı və İran İslam Respublikası arasında olan danışıqlarda birgə hərtərəfli fəaliyyət planının əsas parametrlərinə dair irəliləyişi alqışlayır. Bu siyasi çərçivənin region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı üçün imkan yaradacağına inanırıq. Azərbaycan Respublikası BMT Nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri əsasında konstruktiv və xoşməramlı şəkildə beynəlxalq məsələlərin həllinə dair beynəlxalq ictimaiyyətin səylərini və siyasi iradəsini dəstəkləyir”.
Bəs Qərb-İran razılaşması Azərbaycana nə vəd edir?
“Bu, bizim xeyrimizədir”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, İrana qarşı iqtisadi sanksiyalar ortadan qaldırılandan sonra Qərb banklarındakı maliyyəsi geri qaytarılacaq: “Bu gedişat bölgədəki duruma da təsir edəcək. Vaxt var idi, Qərb və İsrail mətbuatı İrana qarşı hava zərbələrində Azərbaycanın da adını çəkirdi. Bundan çıxış edən İran mətbuatı və generalları bizi hədəf seçmişdilər. Halbuki, bu açıq-aşkar dezinformasiya idi - Azərbaycan mümkün hərbi qarşıdurmada neytral qalacaqdı. İndi bu söz-söhbətlər də arxada qaldı. ABŞ və Avropa Birliyinin İŞİD, Suriya, İraq və indi də Yəmənlə başı ağrıyarkən, İran məsələsi gündəmdən çıxdı. Tehran da Yaxın Şərqdə yaranan gərgin durumdan öz xeyrinə məharətlə istifadə etdi. Demək, yaxın müddətdə İranın Azərbaycan və Türkiyə ilə birgə həyata keçirdiyi enerji layihələrinə qoşulması mövzusu aktuallaşa bilər. Bu, bizim xeyrimizədir. Ən azı İran əvvəlki kimi bütün məsələlərdə Rusiyanın ortağı olmayacaq”.
“İran soydaşlarımıza münasibətdə radikallaşacaq”
Razılaşmanı Azərbaycanın maraqları baxımından şərh edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Araz Aslanlı deyib ki, Azərbaycanın qonşuluğunda nüvə dövlətinin olması arzuolunan deyil. Bu mənada İranın nüvə istehsalından imtina etməsi qarşılığında sanksiyalardan azad olması bizim üçün müsbət hadisədir.
Ekspertin sözlərinə görə, İranla əldə olunan razılaşmanın uzun sürəcəyini israrla demək mümkün deyil: “Dəfələrlə olub ki, Qərb İranla müəyyən məsələdə razılığa gəlib, amma sonra pozulub. Əgər indiki anlaşma baş tutsa, bu, regionda gərginliyin aradan qalxmasına səbəb olacaq”.
İrana qarşı sanksiyaların aradan qaldırılmasının Güney Azərbaycandakı soydaşlarımızın taleyinə necə təsir edəcəyinə gəlincə, A.Aslanlı qeyd edib ki, İranın klassik siyasətində güclənəndən sonra zorakılığa meyilliliyin artması halları olub: “Gözlənilir ki, İran siyasi və iqtisadi cəhətdən güclənəndən sonra ölkə vətəndaşlarına, o cümlədən oradakı soydaşlarımıza münasibətdə bir qədər radikallaşsın. Düşünəcək ki, nüvə sənayesini dayandırır, əvəzində insan haqlarını poza bilər. Əgər bu yanaşma hakim olacaqsa, o zaman soydaşlarımızın durumu ağırlaşacaq. Ümid edək ki, İran Qərblə münasibətlərin yaxşılaşması fonunda qonşu dövlətlərə qarşı aqressivləşməyəcək”.
Səxavət HƏMİD