7 Aprel 2015 11:52
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, martın 18-23-də Ermənistanda keçirilmiş beynəlxalq mediaforumun bəzi iştirakçılarının Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təşkil olunub. Həmin iştirakçılar arasında “Telam” – Argentina Milli Xəbərlər Agentliyinin jurnalisti Maria Laura Karpineta da olub və qanunsuz səfərdən sonra argentinalı jurnalistin “Telam”ın internet saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən məqaləsi yerləşdirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, məsələ ilə bağlı Azərbaycanın Argentinadakı səfirliyi “Telam” agentliyinin rəhbərliyi ilə əlaqə saxlayıb. Səfirlik tərəfindən jurnalistin Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər etdiyi, bununla Azərbaycanın müvafiq qanunlarını pozduğu və buna görə də Azərbaycanda “arzuolunmaz şəxslərin siyahısı”na daxil ediləcəyi bildirilib, habelə yazının agentliyin rəsmi internet saytında yerləşdirilməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb. Həmçinin səfirlik tərəfindən “Telam” agentliyinə Ermənistanın Azərbaycana qarşı işğalı ilə bağlı ətraflı məlumat təqdim olunub.

Bundan dərhal sonra aidiyyəti məqalə “Telam” agentliyinin rəsmi səhifəsindən çıxarılıb. Eyni zamanda, agentliyin rəhbərliyi tərəfindən Azərbaycan səfirliyinə rəsmi üzrxahlıq məktubu da göndərilib.

Məktubda “Telam”ın rəhbərliyi təəssüfləndiyini bildirib ki, agentliyin internet saytında yerləşdirilmiş aidiyyəti üzrə məqalədə BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrində qeyd olunduğu kimi Dağlıq Qarabağın Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi olması və Ermənistan tərəfindən işğal olunması fikri aydın şəkildə əks olunmayıb. Məktubda qeyd olunub ki, sonradan aparılmış araşdırma nəticəsində məsələ ilə bağlı bir sıra səhvlərə və qeyri-dəqiqliklərə yol verildiyi aşkarlanıb və bu səbəbdən də məqalə agentliyin internet saytından çıxarılıb. “Telam” rəhbərliyi baş vermiş insidentə görə ən səmimi üzrxahlığını bildirib və bu kimi anlaşılmazlıqların gələcəkdə təkrarlanmaması üçün müvafiq iş aparılacağına əmin edib. Məktubun sonunda Argentina Milli Xəbərlər Agentliyinin rəhbərliyi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə birmənalı hörmətini ifadə edib.

Səxavət


Müəllif: