17 Aprel 2014 11:56
1 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP sədri Əli Kərimlinin Ukrayna hakimiyyətini qətiyyətsizlikdə suçlaması geniş müzakirələrə səbəb oldu. Müavini Nurəddin Məmmədlinin Facebook-da "Ukrayna hakimiyyəti vaxtında Əli Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı" statusu sosial şəbəkə istifadəçilərinin gülüş obyektinə çevrilib.

Bir neçə gündür status ətrafında #meslehet heştəqi yaradılıb. Əli Kərimlinin dünya liderlərinə məsləhət verdiyi caps-lər yayılır.

Müsavat Partiyasının funksionerləri isə Ə. Kərimlinin bu mövqeyini və onun müavinin statusunu əvvəl zarafat kimi qəbul etsə də, sonradan cəbhəçilərin ciddi olduğunun fərqinə varıb.

G. Aslanlı AXCP sədrinin fikirlərinin absurd, Müsavat Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə gülünc adlandırıb. Müsavatçılar hesab edir ki, Ukraynanın hazırkı hakimiyyətində təmsil olunan şəxslər kifayət qədər təcrübəli siyasətçilərdir. Ukrayna hakimiyyətini qətiyyətsizlikdə suçlamaq sadəcə gülüncdür. Müsavatçıların fikrincə, Azərbaycanda oturub Ukrayna hökumətinə məsləhət vermək doğru deyil.

Bu arada Ə. Kərimlinin dediklərinə ilk qınaq REAL Hərəkatından gəlmişdi. Altay Göyüşovun qınağına cəbhəçilər sərt reaksiya bildirmişdilər.

Rəqib partiyalardan gələn qınaqlar və sosial şəbəkələrdəki ironiya AXCP sədri Əli Kərimlini qəzəbləndirib. Qəzetimizin əldə etdiyi məlumata görə, Ə. Kərimli AXCP rəhbərliyini təcili toplayıb və ciddi tapşırıqlar verib. O, əleyhinə fikir səsləndirən şəxslərin açıqlama verdikləri mətbuat orqanlarını "qara siyahı"ya salıb. Müavinlərinə təlimat verib ki, jurnalistlərin status və Ukrayna hakimiyyətinə yönəlik işlətdiyi fikirlər barədə suallarını qəti şəkildə cavablandırmasınlar.

KƏMALƏ


Müəllif:

Oxşar xəbərlər